Sarı Aşıq
XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Aşığın qəbri Qarabağın Zəngəzur mahalının Güləbürd kəndinin, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.
Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapmışdır. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan şox ustalıqla istifadə etmişdir.
Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq şoxlu sayda sevgi şeirlərinin də müəllifidir.
GƏLMƏDİN
Vədə verib mənə, gəlləm demişdin,
Gözüm qaldı intizarda, gəlmədin.
Sənsiz mənim ağlamaqdı munisim,
Mənsur kimi qaldım darda, gəlmədin.
Əlif qəddim əydi hicran məlalı,
Necə xəlq eyləmiş qaşın hilalı,
Saldı məni qəmə zülfün xəyalı,
Məni qoydun eşq barda gəlmədin.
Mən elə Aşıqəm ey vədə xilaf,
Nizəni ahundan çərx olar şikar,
Belə olar ay bimürvət, nainsaf,
Getdi əldən ixtiyar da gəlmədin.
GÖZLƏRİN
Əyibdi qəddimi qaşların tağı,
Qəsd eləyib şirin cana gözlərin.
Bu qədər şux baxıb aşiq öldürmə,
Heyifdi batmasın qana gözlərin.
Camalın şöləsi günəşdən əla,
Səni görən necə olmaz mübtəla,
Qəmzəyi cəlladın, xədəngin bəla,
Rəhm eləməz heç insana gözlərin.
Gözəllikdə sənsən bu gün yeganə,
Canım qurban olsun sən tək cananə,
Yıxar Aşıq evin elər viranə,
Dolananda hər bir yana gözlərin.
***
Şikar edib tutdum bir şahi tərlan,
Sən etdin ağlımı zail, a Yaxşı!
Səni sevən keçər canü sərindən,
Olar camalına mail, a Yaxşı!
Məhəbbəti olan istər sazını,
Mən çəkərəm hər dəm sənin nazını.
Şəmsü Qəmər kimi görgəz üzünü,
Gün təki aləmə yayıl, a Yaxşı!
Qaşların bir oxdu, kirpiyin almaz,
Haramdan oxlasan, oram sağalmaz.
Gedər bu gözəllik sənə də qalmaz,
Əgərçi sərxoşsan, ayıl a Yaxşı!
Məni sənə aşiq etdi yaradan,
Səyrağıbı haqq götürsün aradan.
İstəyirsən xəbər tutgil Sarıdan,
Yollarında mənəm sail a Yaxşı!
Bayatılar
***
Bu Aşıq zində deyil,
Ağlı özündə deyil,
Kim deyər haq cəmalı,
Yaxşı üzündə deyil.
***
Gözəllik soy iləndi,
Şahmar da soy ilandı,
Nəsimi tək bu Aşıq,
Yolunda soyulandı.
***
Aşıq minaya dəyər,
Qurban minaya dəyər,
İl var bir günə dəyməz,
Gün var min aya dəyər.
***
Mən Aşıqam qanlı gül,
Qanlı seviş, qanlı gül,
Yemiş bülbül bağrını,
Çıxmış ağzı qanlı gül.
***
Qarşıda yaxşı dağlar,
Köçməyə yaxşı dağlar,
Hər kəsin bir dağı var,
Aşıqı Yaxşı dağlar.
***
Aşıq Qaramanlıdı,
Xalın qara, manlıdı,
Yaxşının tənəsindən
Yenə qar amanlıdı.
Asiq yaradiciligi, Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:45
Baxış sayı: 108
Şərhlər(0)
Asiq yaradiciligi, Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:45
Baxış sayı: 108
Şərhlər(0)

