Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 37
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 225
  • Ümumi hit: 15568

Müxtəlif

Tapmacalarin semantik strukturu

Müəllif: Ramazay Qafarlı

Fin alimi Elli Kyenqes-Maranda belə qənaətə gəlir: «Empirikcəsinə tə‘yin olunur ki, tapmacanın nəzəri cəhətdən müəyyənləşməsi janrın daxili identifikasiyası (eyniləşdirilməsi) üçün gərəkli deyil. Doğrudur, Corcis, Dandis və Skott əksinə düşünürlər. Lakin aprior (təcrübədən qabaqkı) nəzəri müəyyənləşmələrin heç biri özünü doğrultmur. Tapmacaları müəyyən mədəniyyətləri öz üzərində daşıyan müxtəlif zümrələr yaratdığından üzə çıxarılması tələb edilən subyektlərə zaman dəyişdikcə fərqli tərəfləndən baxılır. Oxun dəmir ucluğu hələ kəşf edilmədiyi çağlarda tapmacada bu cəhətə işara edilə bilməzdi. Yaxud həmişə dağlarda yaşayanlar üçün arana xas xüsusiyyətlər məlum deyildi.
Tapmacalar başqa janrlardan fərqli olaraq bütün hallarda dialoqludur, başqa sözlə, şifahi şəkildə yaranıb yayılan bədii yaradıcılıq hadisəsinin ifasında iki tərəfin olması vacibdir. Birinci tərəfdə sorğu - bədii mətn dayanır. Ona görə də tapmaca deyəndə, çox zaman ancaq bu tərəf yada düşür. İkinci tərəfdə sadəcə cavab olur.
Lakin araşdırıcıların əksəriyyəti bu qənaətdədirlər ki, tapmacanın trəfləri ayrı-ayrılıqda götürülməməlidir. Çünki hər ikisi bir-birindən asılı vəziyyətdədir və əhəmiyyətlidir. Eləcə də hər iki tərəf sabit, dayanıqlı və kodlaşdırılmış şəkildədir. Bə‘zən eyni mətnin bir neçə cavabı üzə çıxır. Bu halda da sabitlik pozulmur. Əksinə ikinci tərəfik vacibliyi təstidlənir. Təsadüfi deyil ki, bir çox tapmacalarda bədii mətnin stili, üslubi füqurları ikinci tərəflə müəyyənləşir: sözlərdə alliterasiya, qafiyə, səs seçimi və s.
Miflə tapmacanı eyniləşdirən, yaxud bir-biri ilə qarşılıqlı əlaqədə olan yaradıcılıq hadisəsi, düşüncə tərzi kimi götürürən araşdırıcılar da var. İolles belə hesab edir ki, hər ikisində sual qoyulur, lakin mif elə sualdır ki, məzmununda cavabını əks etdirir. Tapmaca isə əlamətləri sadalanmaqla əlamətlərə görə cavab tələb edən sualdır. Əslində hər iki təhkiyə formasının mahiyyəti mətnlərində - sözlə təsvirə gətirilən əlamətlərdə gizlənir. Birincidə nədən bəhs açıldığı açıq şəkildədir, lakin xüsusi tərzdə, işaralər, rəmzlər, qeyri-adi obrazlarla təqdim edilir. İkincidə subyektin özü yoxdur, ancaq xarakteristikasının bəzi amilləri sadalanır. Hər ikisində «məxfilik» nəzərə çarpır: birincidə subyekt bəllidir, gerçək əlamətlər isə bədii təxəyyülün arxasında qalır. İkincidə əksinə, əlamətlər açıqlanır və varlığın özünün təsvirlərin önünə çıxarılması tələb olunur.
Tapmaca folklorun «əlaqəli» (reciprocal) janrlarından biridir.
Başqa xalqlar «əlaqəli» yaradıcılıq formalarından danışanda yalnız tapmacanın üzərində dayanırlar. Lakin Azərbaycan şifahi xalq yaradıcılığındakı aşıq deyişmələri lə iki tərəfin qarşılıqlı aktiv fəaliyyətinin (yaranasında və ifasında) nəticəsi kimi meydana gəlir. Onların tapmacalarla üst-üstə düşən cəhətləri daha çoxdur.
Mənşəyindən söz açanda bir çox tədqiqatçılar (Haytala, Teylor, Virtanen, Maranda) belə hesab edirlər ki, tapmacalar toy mərasimlərində formalaşmışdır. Bəy və gəlinin ağlını, mərifətini yoxlamaq məqsədilə sınaqlar keçirirdilər. Poetik dillə suallar verib cavab alırdılar. Liçanın nöqteyi-nəzərinə görə isə, tapmaca miflər kimi «insanın davranış tiplərinin təsvir üsuludur»larından biridir. Elə dil formaları var ki, onların vasitəsi ilə bir qrup öz xüsusi hərəkətləri barədə açıqlama verir». Tapmacanı da beləcə spesifik dil tək götürmək olar: onunla insanlar öz «sosial vəziyyətlərini, kişi ilə qadın arasındakı münasibətlərini şərh edirlər». Belə götürsək, tapmacaları məhdud dairədən kənara çıxarmaq mümkün olmaz. Mövzusunun genişliyi göstərir ki, tapmacalar bütün sahələrlə eyni dərəcədə bağlanmış, kişi-qadın münasibətlərinə gəlincə, onlarda bu məsələyə çox az toxunulmuşdur. Əslində tapmacalar insanın dünyanın sirlərini öyrənmək tələbatından yaranmışdır. Varlıqların xassələrini müəyyənləşdirdikcə, bir-birinə ötürməyin yollarını aramış, xüsusi qəlibə salaraq əvvəllər böyüklərin, sonra da uşaqların əyləncəsinə, zehni inkişafının tə‘minatçısına çevirmişlər. Təsadüfi deyil ki, nağıllarda bir ölkə başqasına müharibə e‘lan etməmişdən qabaq əyani - əşyalarla və sözlərlə tapmacalar göndərir, elin bilik və bacarığını sınayırdılar. Düzgün cavablar alanda döyüşmək fikirdən daşınırdılar.
Tədqiqatçılar tapmacaların spesifikliyini göstərəndə üç anlayış üzərində xüsusi dayanırlar: analogiya, metafora və metanomiya.
«Analogiya» - oxşayış, bənzəyiş, uyğunluq deməkdir. Aristotel yazırdı: «Analogiya o hallarda mümkündür ki, ən azı dörd üzv mövcud olsun, özü də birinci ilə ikincinin bağlılığı üçüncü ilə dördüncünün əlaqəsi ilə üst-üstə düşsün». E.Maranda bu fikri aşağıdakı şəklində qeydə alır:
A/B=C/D
Və analogiyanı müqayisə aparıb «nəticə çıxarmaq texnikası» sayır. Bu texnika yaranışlar arasındakı iki münasibət - metafora və metanomiya əsasında qurulur.
Analogiyanın E.Merandanın təklif etdiyi formulunda eyni struktur mövqeyində duran iki üzv (A və S) metaforanı işarələyir və struktur təhlilə görə, birinci üzv (A) «nişanə», ikincisi isə (S) «nişanələyən»dir. Bir hissənin /A və B/ üzvləri metonimiya ilə münasibətdə oxşarlıq təşkil edir. Və analogiya hər iki amillə (həm metaforik, həm də metanimik) sıx əlaqədə olur:
Analogiya
Metafora

A = S
Metanimiya - / /
B D

Deməli, metanomiya iki obyektin bir-biri ilə münasibətindən doğur, metafora isə onlara uyğun başqa obyekləri qurur. Məsələn:

-O hansı ağacdı ki, kökü havada durur, budaqları yerdədi?
-Günəş.

Tapmacada dörd üzv iştirak edir. Bilinən (ağac, budaq, yer, hava) və bilinməyən (günəş) tərəflər var. A - ağacdır, B - yerdir, S - günəşdir, D - budaqdır.
Ağacla /A/ günəşin /S/ müqayisəsi metaforik, ağacla (A) torpağın - yerin /B/ münasibəti metonomik əlaqəni üzə çıxardır.
Yaxud:
-O kimdir ki, cavanlıqda yırğalanar, qocalıqda yorğalanar.
-Alov.
Tapmacanın mətnindəki dörd məsələ: cavanlıq, yırğalanmaq, qocalıq, yorğalanmaq insanın iki yaş dövrünə xas xüsusiyyətlərdir, müqayisə alovu meydana çıxardır.
Metafora və mif. Fikrin dil qayda-qanunları ilə ilkin əksinin mifoloji düşüncə ilə sıx əlaqəsi onu göstərir ki, hər ikisi eyni mə’nəvi aləmdən qidalanmış və real varlıqlara əsaslanmışdır. Mifik dünya əslində dillə təsvirə gətirilən dünyanın (gerçəkliyin) analoqudur. Onlar bir-birindən ancaq ifadə, təsvir, işarə üsullarına görə fərqlənir. Belə ki, quraqlıq adi dillə «hava yağıntısız, isti keçir» şəklində ifadə olunursa, mifik görüşlərdə ağzından od püskürən əjdaha obrazına çevrilir. Deməli, mif və dil bir bətndə yetişib dünyaya əkiz gələn qardaşlardır, ikisi də mə’nəvi inkişafın, təfəkkür tərzinin eyni qanunlarına tabedir, eyni mənbədən qida alır. Aralarındakı oxşarlıq və yaxınlıq o halda dərk edilir ki, onların bir kökdən pöhrələndiyi, qoşa addımladığı aydın nəzərə çarpır.
Təbiidir ki, inkişafın müəyyən mərhələsində mif dildən, dil mifdən ayrılmış, lakin «qohumluqlarını» müəyyən əlamətlərində ikisi də qoruyub saxlamışdır. Erist Kassirer yazır: «Ayrılma xəttini üzə çıxarmaq üçün mif və dilə bağlanan eyni konseptual forma vardır ki, qısa şəkildə onu metoforik düşüncə adlandırmaq olar». Deməli, dünyanın metoforik əksi həm dilin, həm də mifin mənşəyində duran əsas amildir. Ona görə də tədqiqatçıların çoxu bu qənaətdədirlər ki, metafora miflə dil arasında körpü rolunu oynayır. Ancaq onun meydana gəlmə, daha doğrusu, ilkin doğulma prosesindən danışanda fikirlər haçalaşır: bə’ziləri metaforanın kökünü dildə, bə’ziləri də mifik fantaziyada axtarırlar. Qerderə görə isə dildəki bütün söz və ifadələr başlanğıcda mifik xarakterə malikdir. Belə çıxır ki, dil də miflər kimi kortəbii şüurun içərisindən keçmiş, miflə işarələnən varlıq və hadisələrin gerçək dərkinədək mifologiyaya yol yoldaşı olmuşdur.
Tapmacaların funksional klassifikasiyası göstərir ki, əsasən üç - emosional, intellektual və informativ hissələrə bölünür.
Emosional tapmacalar. Taylor Arçir və Virtanen Lean belə hesab edirlər ki, emosional tapmacalar seksual sahəyə aid olur, daha doğrusu, elə atmosfer yaratmaq üçün nəzərdə tutulur ki, aləm erotik boyalarla rənglənsin, ya da sün‘i şəkildə «yalan erotik» cavaba istiqamətləndirilsin. Elli Maranda bildirir ki, Avropa xalqlarının folklorunda bu qrupa aid tapmacalar çoxdur və əksəriyyəti metoforikdir. Azərbaycan türklrinin toplanıb işıq üzü görən tapmacaları arasında «seksual», yaxud «erotik» təsəvvür oyadan nümunələrə təsadüf edilmir. Lakin bə‘zi mətnlərdə qızla oğlanın, ərlə arvadın zahiri yaxınlığına işaralər edilir. Məsələn:

Ağ qıza əl uzatdım,
Məsti budaqda qaldı. (Pambıq)

Əzan verir, namaz bilmir,
Arvad alır, kəbin bilmir. (Xoruz)

Araz qırağı düzdü,
Sanaan əli, yüzdü.
Oğul gedir davaya,
Anası hələ qızdı. (Arı)

Dağlarda lalə gəzər,
Əldə piyalə gəzər.
Nə doğar, nə balalar,
Dalınca bala gəzər. (Arı)

Əslində Azərbaycan tapmacalarının «seksual» və «erotik» maraqlarla heç bir əlaqəsi yoxdur. Bu o demək deyil ki, ulu əcdadlarımıza emosionallıq, ehtiras yad idi. Sadəcə olaraq türkün mentalitetində intim məsələləri üzə çıxartmaq əxlaqdan kənar sayılırdı və hər kəsin öz iç dünyasının funksiyasında qalırdı. Lakin emosionallıq və ehtiraslılıq təkcə bu amillərin mənbəyi hesab edilmir. İnsan tapmacalardakı təsvirlərdə elə əlamətlərlə rastlaşır ki, kimə və nəyə aidliyini düşündükcə, müxtəlif hallar keçirir, bə‘zən qanı qaynayır, coşub-daşan həvəsini ancaq ağlın köməyi ilə tapdığı düzgün cavabla söndürür:

O nədir, dərya kimi bulanmaz,
O olmasa bütün dünya dolanmaz?
(Məhəbbət, yaxşılıq)

Axşam oldu - qırıldıq,
Səhər açıldı - dirildik. (Yuxu)

Odda yanmaz,
Suda batmaz. (Söz, yaxud buz)



Tapmacalar
folklor
May 19, 2008 22:45
Baxış sayı: 58

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com