Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 41
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 235
  • Ümumi hit: 15578

Müxtəlif

musiqi tarixi

Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir. Azərbaycan musiqi sənəti çoxəsrlik inkişaf yolu keçmişdir.
Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.
Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir.
Çox-çox qədim zamanlara malik, keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır. Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfi Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.
XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar.
Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.
Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş “Leyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və tıkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Ü. Hacıbəyov Şərqdə nəinki ilk operanın, eləcə də ilk musiqili komediyaların (“Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan”), həmçinin milli musiqi mədəniyyətimizdə ilk kütləvi mahnıların, romans-qəzəllərin, kantata-oratoriya musiqisinin, ansambl əsəri olan “Aşıqsayağı” triosunun, famtaziyaların, eləcə də - “Koroğlu” – birinci klassik operanın müəllifi kimi musiqi tariximizə daxildir. Ü. Hacıbəyov milli mədəniyyətin inkişafında həm də ictimai xadim, alim, folklorçu, pedaqoq, jurnalist və s. kimi görkəmli rol oynamışdır.
Milli musiqimizin inkişafında Ü. Hacıbəyovla bərabər, onun silahdaşı və məsləkdaşı Müslüm Maqomayev də (1885-1937) Azərbaycan musiqi teatrının təşkili işində böyük rol oynamışdır. Üzeyir Hacıbəyovun muğam operası ənənəsini özünün “Şah İsmayıl” operasında davam etdirən Müslüm Maqomayev musiqi mədəniyyətimizdə bəstəkarlıqla yanaşı musiqi ictimai xadimi, dirijor kimi əhəmiyyətli yer tutmuşdur. M. Maqomayevin ikinci operası – “Nərgiz” isə Azərbaycan mədəniyyət tarixinə Avropa üslublu ilk milli opera kimi daxil olmuşdur. Azərbaycanda ilk simfonik əsərlərin yaranması da M. Maqomayrvin əsərləri ilə bağlıdır. Onun məşhur “RV-8” marşı, “Azərbaycan çöllərində” və orkestr üçün yazdığı digər əsərləri parlaq melodizmi və nikbin əhval-ruhiyyəsi ilə diqqəti cəlb edir. M. Maqomayev eyni zamanda, mahnı, kinofilmlərə və dram tamaşalarına musiqi bəstələyən ilk Azərbaycan bəstəkarlarından olmuşdur.
Azərbaycan musiqisinin tarixi inkişafında əhəmiyyətli rol oynamış simalardan biri də Hacıbəyovlar nəslinin digər nümayəndəsi Zülfüqar Hacıbəyovdur (1884-1950). Z. Hacıbəyov bəstəkar və teatr xadimi idi, həvəskar aktyorların teatr truppasına rəhbərlik edirdi. İlk Azərbaycan muğam operalarından biri olan “Aşıq Qərib”, “Evliykən subay”, “Əlli yaşında cavan” musiqili komediyalarının müəllifidir.
XX əsrin əvvəllərində yeni milli mədəniyyət qurucularının ön cərgəsində çalışmış nümayəndələrdən biri də Asəf Zeynallıdır (1909-1932). Qısa, lakin dolğun, mənalı yaradıcılıq yolu keçmiş A. Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional təhsil almış ilk bəstəkarımızdır. M. Maqomayevlə yanaşı, Azərbaycanda ilk simfonik əsərlər yazan bəstəkarlardan biri də o olmuşdur (“Fraqmentlər”). Ən başlıcası esə A. Zeynallı ilk milli romansların (“Ölkəm”, “Sual”, “Çadra”, “Seyran”, “Sərhədçi”), ilk fortepiano (“Çahargah”, “Uşaq süitası”) və simfonik miniatürlərinin (“Muğamsayağı”) müəllifidir.
Milli musiqimizin təkamülündə əhəmiyyətli rol oynamış sənətkarlardan biri də Azərbaycanda ilk baletin – “Qız qalası” baletinin (1940) müəllifi Əfrasiyab Bədəlbəylidir (1907-1976). Ə. Bədəlbəyli bəstəkar, dirijor və ictimai xadimdir. “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik əsərlərin, dram tamaşalarına yazılmış musiqinin, həmçinin bir sıra balet librettolarının müəllifidir.
30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.
Üzeyir Hacıbəyovun ənənələrini davam etdirən bu görkəmli sənətkarların hər biri özünəməxsus musiqi üslubu yaratmış, milli bəstəkarlıq məktəbinin sonrakı inkişafına böyük təsir göstərmişlər. Fikrət Əmirov Qərb musiqisinin simfonik ənənələrini şərqin muğam sənəti ilə birləşdirərək musiqi tarixində analoqu olmayan yeni janr yaratdı – simfonik muğam janrı (1.Şur; 2. Kürd Ovşarı; 3. Gülüstani-Bayatı-Şiraz). Onun adı ilə bağlı olan bu yeni janrlar sonralar Niyazi (“Rast” simfonik muğamı), Süleyman Ələsgərov (“Bayatı-Şiraz” simfonik muğamı), Tofiq Bakıxanov (“Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah”) yaradıcılıqlarında da gözəl nümunələrini yaratmışlar.
1944-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Respublikararı musiqisi ongünlüyündə səslənmiş Q. Qarayevin, Cövdət Hacıyevin (1917-2002) və Soltan Hacıbəyovun (1917-1974) təxminən eyni vaxtda meydana gələn birinci simfoniyaları ilk Azərbaycan simfoniyaları kimi musiqi tariximizdə əhəmiyyətli yer tuturlar. Bu üç bəstəkarın Azərbaycan musiqisində simfoniya janrının mənimsənilməsində xidmətləri əvəzsizdir. Məhz dodekafoniyanın istifadəsi isə Q. Qarayevin simfoniyasında öz təzahürünü tapmışdır.
30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s. gözəl mahnıları, “Beşmanatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyaları kimi əsərlər yaratmışdır.
T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış – “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və s. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.
Azərbaycan musiqisində xor musiqisinin də öz inkişaf mərhələsi və gözəl əsər nümunələri mövcuddur. Xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov (1921-1992) “Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59” oratoriyalarının müəllifidir. O, həmçinin “Azad” və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.
Süleman Ələsgərov (1924-2000) ilk növbədə “Ülduz”, “Milyonçunun dilənçi oğlu” və digər operettaların müəllifi kimi tanınır. S. Ələsgərov “Sərvi-Xuramanım mənim”, “Vətənimdir”, “Neylərəm” kimi gözəl mahnı və romansların, “Bayatı-Şiraz” simfonik muğamın və b. əsərlərin müəllifidir.
Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət Məmmədova və Bülbüldür (Murtuza Məmmədov). Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan və Xuraman Qasımovalardır.
Milli mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində də parlaq nümayəndələr yetişmişdir. Azərbaycan fortepiano məktəbinin ən parlaq ulduz bir neçə beynəlxalq müsabiqələrin laureatı Fərhad Bədəlbəylidir. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb Səfərəliyevadan (1907-1976)gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova, Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, gənclərdən Murad Adıgözəlzadə və b. istedadlı musiqiçiləri göstərmək olar. Azərbaycanda skripka ifaçılığının mahir nümayəndələri sırasında isə Azad Əliyev, Sərvər Qəniyev kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da fəxri yerlər tutmuşlar.


Mahni ve usaq folkloru
folklor
May 19, 2008 23:25
Baxış sayı: 59

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com