Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 16
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 203
  • Ümumi hit: 15546

Müxtəlif

Molla Cumanın dastanları

Müəllif: Ramazan Qafarlı

Molla Cuma Azərbaycan aşıq poeziyasında forma və məzmununa görə bir-birindən seçilən müxtəlif səpgili lirik şerlərin, yeni poetik qəliblərin, saz havalarının yaradıcısı və fikir müstəqilliyini, eşq azadlığını islam prizmasında «İsmi pünhan»laşdıran, türk ruhunu müqəddəsləşdirən duyğusal el şairi kimi tanınır. O, kökü təsəvvüfə bağlanan qədim xalq sənətini elə bir «İsmi pünhan» zirvəsinə qaldırıb ki, oradan baxanda hər şey sevgi və gözəllik işığına bürünür, böyük Nizaminin dediyi kimi, «dünya məhəbbətdən fırlanır».
İnsanın qəlbinə eşqlə girən ad gizli qalmalıdır. Ona görə ki, türkün isməti, arı, namusu adından keçir. Ona adının çıxmasından, el-oba içində dilə-dişə düşməsindən canının çıxması daha yaxşıdır. Bu səbəbə görə Molla Cuma sevdiyi qızın kimliyini dilinə gətirməyi şəninə sığışdırmamışdı. VII yüzillikdə Qeys vurğunluğunu, sevib-sevilmək haqqını Məcnunlaşmaqla gizlətsə də, ərəb olduğundan sevgi qəzəllərində istəklisinin adınını açıq şəkildə söyləmiş, Leylinin qohumlarının söylədikləri kimi, «rüsvayi-cahan» eləmişdi. Qəribə paradoks yaranır: hansı məntiqlə öz adının sevməkə suçlanmaMolla Cuma adın ucalığına, müqəddəsliyinə inandığından ömrünün sonunadək istədiyi qızın kimliyini açmamış, dünyanı «İsmi Pünhan» müəmmasıyla baş-başa buraxıb gözlərini qapamışdı.
Molla Cuma təkcə lirik şair deyildi, həm də aşıq yaradıcılığında analoqu olmayan epik əsərlərin müəllifi idi. Yaratdığı çoxsaylı nağıl-dastanlar özündən sonra yurdumuzun bütün bölgələrində bir çox aşıqların repertuarında uzun müddət yaşamışdır. Tovuzlu Xəyyat Mirzə Molla Cumanın dastanlarına qulaq asmaqdan xüsusi zövq duyurmuş. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış naxçıvanlı aşıq Allahverdi isə «sin» üstə əvvəl-axır, dodaqdəyməz təcnisində Molla Cumanın «Sayad bəy və Sayalı xanım» dastanının dillər əzbəri olduğunu təsdiqləyirdi. Aşıq Allahverdi deyirdi ki:

«Sayad seyrə çıxar tərlana əlis,
Sayılı sarıyar tərlanə əlis».

Məlum toplulara əsasən belə qənaət irəli sürə bilərik ki, hər ustad aşığın payına bir, ya da iki dastan düşür. Molla Cumanı yetişdirən mühitdə epik vüsət o qədər böyük idi ki, onun emalatxanasından onlarla dastan, yaxud aşığın özünün dediyi kimi, «nağıl» çıxmışdı. Təəssüflər olsun ki, hələ bu epik əsərlərin çoxu yaddaşlardan toplanmamış, ya da cüzi bir hissəsi oxuculara təhriflərlə təqdim edilmişdir. Lakin arxivlərə üz tutdudda elə maraqlı faktlarla rastlaşırıq ki, həm folklorumuzun, həm də yaxın tariximizin qaranlıq səhifələrinin düzgün işıqlanmasına böyük imkan yaranır.
Belə ki, son illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının arxivlərindən aşığın 9 dastanı aşkar edilmişdir. Bu dastanlar tariximizin ən ağrılı çağlarında - 37-39-cu illərdə Şəkidən toplanıb. Və dövrün tanınmış ziyalıları - Ərtoğrul Cavid, Hüseyn İsgəndər, Cahanbaxş tərəfindən çapa hazırlanıb. Təəssüflər olsun ki, əksəriyyəti böyük Hüseyn Cavidin gənc və istedadlı oğlu Ərtoğrulun rəyindən və Cahanbaxşın redaktorluğundan sonra çapa layiq hesab edilsə də, məlum səbəblərdən bu günədək işıq üzü görməyib.
Məşhur bir aforizmdə deyilir: «Əlyazmalar yanmır, öldürülmür», yəni heç vaxt itib-batmır. Represiya dövründə Molla Cumanın şagirdi aşıq Əhməd Qafarovun dilindən yazıya alınan əlyazmalar da yaşadı. Hətta Bakı zəlzələsindən belə «diri» çıxı. Bir təsadüf nəticəsində qırmızı cildli, iri dəftərlər Hüseyn Cavid haqqında tədqiqat işi aparan Rəfael Hüseynovun nəzər-diqqətini özünə cəlb etmişdi. O, öz kitabında belə bir kiçik qeyd vermişdi ki, Molla Cumanın əsərlərinə Hüseyn Cavidin oğlu Ərtoğrul rəy yazıb. Bu yaxınlarda isə türk iş adamının yanında işləyən bir şəkili memarla söhbət zamanı məlum oldu ki, Arxitektura və Memarlıq İnstitunun arxivinda xalq yaradıcılığına aid çoxsaylı numunələr saxlanılır. Və Molla Cumanın nəvəsi Elman Əzizovla həmin arxivdə olarkən, aşağıdakı dastanlar tapıldı:
«Şah Baba ilə Pəri xanım»,
«Zinhar ilə Mah Əfruz»,
«Şah Səməd və Şəmsi xanım»,
«Cəlali Məhəmməd və Tavat xanım»,
«Sayat bəy və Sayalı xanım»,
«Baxış bəy və Leyla xanım»,
«Həsən əminin öküzü»,
«Əsli və Kərəm»,
«Molla Cumanın aşıq Könlü ilə deyişməsi» və s.
Arxivdə uyuyan epik əsərlər bir sıra xüsusiyyətləri ilə indiyədək işıq üzü görən bütün dastanlardan seçilir. İlk olaraq onu nəzərə çatdırmaq lazımdır ki, Şəki bölgəsinə məxsus duzlu yumor, nikbin ruh, baş verən əhvalatlara açıq gözlə yanaşıb düzgün nəticə çıxarmaq «Əsli və Kərəm» istisna edilməklə digərlərinin canına hopmuşdur.
İkincisi, xalqın çox əsgi təsəvvür, mifik görüş və inanclarından yoğrulmuşdur. Bu cəhətinə görə həmin epik əsərlər qara nağıl təsiri bağışlayır. Lakin div və başqa sehirli vasitələr məhəbbət mövzulu əhvalatların içərisində elə məharətlə əridilir ki, uydurmalıq arxa plana keçir.
Üçüncüsü, saza və türkülərə epik təsvirlərdən daha çox yer ayrılır. Bütün məsələlər sazın və sözün sehirli gücü ilə həll edilir.
Dördüncüsü, ənənəvi epizodlar - qəhrəmanların möcüzəli doğulüşu, buta, sevgiliyə çatmaq üçün səfərlər bir sıra xarakterik əhvalatlarla verilir ki, başqa dastanların araşdırılmasında mübahisəli görünən məsələlərə aydınlıq gətirilir. Məsələn, «Əsli və Kərəm»də eşq faciəsinin bünövrəsi aşiqlə məşuqun möcüzəli doğuşu ilə qoyulur. «Günlərin bir günü şahın arvadı ilə keşişin arvadı bağa gəzməyə çıxmışdılar. Gördülər ki, bağda bir qurumuş alma ağacı var. Şahın arvadı - xanım Soltan keşişin arvadına dedi:
-Ay qarı, bu alma ağacı bar tökəndə bizim də övladımız olar.
Bunlar belə söhbət edib bir kölgəlikdə yatdılar.
Aləmi-röyada Xanım Soltanın yanına bir nurani kişi gəlib dedi:
-Ay xanım, sənin duan müstəcəb olub. Get, həmin alma ağacının üstündə bir alma var, onu ye, övladın olar!
Xanım Soltan yuxudan oyanıb gördü ki, doğrudan da ağacda bircə dənə qırmızı alma var.
Xanım Soltan almanı dərdi, keşişin qarısı ilə yedilər».
Burada «qurumuş alma ağacının bar verməsi» motivi çox dərin qatlardan gəlir.
Xanım Soltan bilir ki, quru ağacın bar verməsi mümkün deyil. Bununla belə başqa əqidə sahibinin şahidliyi ilə elan edir ki, «quru ağac bar gətirsə, onların da övladları dünyaya gələcək». Bu, əslində insanın öz-özünü qarğamasıdır. Övlad həsrəti ilə qovrulan qadın belə deyərdimi? M.H.Təhmasib bu mötivin əleyhinə çıxıb qondarma olduğunu vurğulayır. Ancaq birbaşa xalqdan toplanan mətndə «saxtakarlıq» axtarmaq ədalətsizlikdir. Əslində, məsələ tamam başqa şəkildədir. Qadınların hər ikisi qarımışdı - məhz quru ağac kimi idilər, bar vermək imkanları əllərindən alınmışdı. Ona görə də möcüzə tələb edilirdi. Burada diqqət başqa cəhətə yönəldilməlidir. Xanım Soltan tanrının ona bağışladığı qisməti başqasıyla bölüşür. Axı, nurani kişi yuxuda onunla şərt kəsəndə açıq-aydın deyir ki, «bir alma var, onu ye, övladın olar». Möcüzəli doğuşa səbəb olan meyvələr allahdan gəlirdi. İstifadə edilməsi qaydaları da onun tərəfindən müəyyənləşdirilib elçilər vasitəsi ilə insanlara çatdırılırdı. O qaydaları heç Dəli Domrul kimi igid də pozmağa qadir deyildi. Bəs Xanım Soltan təkcə özünün yeyilməsi üçün göndərilən sehirli almanı niyə başqa əqidəyə qulluq edən qarı ilə paylaşır? Mifik görüşlərdə kişi ilə qadının almanı yarı bölüb «Allahın riası» ilə yeməsi qeyri-adi övladın dünyaya gətirilməsi vasitəsi kimi mənalandırılır. Tanrı qismətini qadınla qadının, özü də izn olmadan paylaşması isə bəladan, şərin möcüzəli doğulanları qəbrədək izləməsindən xəbər verir. Deməli, Xanım Soltan Allaha pənah aparıb imdad diləyərkən Yaradıcının birliyinə sığınmışdı. Ancaq sonradan bir an da olsa, şəkk gətirdiyindən nurani qocanın tapşırığına düzgün əməl etməmişdi. Və övladlar hətta başqa-başqa dini məzhəblə nəfəs alsalar da, Vahiddən (almadan) ayrılmışdılar. Gerçək həyatda din, əqidə fərqi onların birləşməsi üçün böyük əngələ çevrilsə də, ruhani aləmdə bir-birilərinə qovuşacaqlarına şübhə yeri qalmırdı. Bu, dastana təsəvvüfdən hopub gələn əsas motivlərdən biridir.
Beşincisi, Molla Cuma dastanlarının buta verilmə epizodunda da fərqli məqamlar nəzərə çarpır. Məsələn, «Sayad bəy və Sayalı xanım»da göstərilir ki: «Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Bir bulaqlı, ağaclı, kölgəli yerdə dayandılar. Xoca Müslüm oğlunu çağırıb dedi:
-Bala buralarda yatmayasan. Burda yatmaq olmaz».
Göründüyü kimi, buta gənclərə məlum məkanda verilir. Həmin yerdə kim yuxuya dalsaydı, Xızırdın, ya da nurani qocadan buta alırdı. Lakin valideynin təşvişinə baxmayaraq Sayad ikinci dəfə buta verilən məkana gəlir, Allah qismətindən yaxa qurtara bilmir.
«...Yola düşdülər. Həmin bayaqkı ağacla, kölgəli, bulaqlı yerə gəldilər. Xoca yenə oğluna tapşırdı ki:
-Harada olursan, ol, amma yatma.
Çadır qurdular, yükləri boşaltdılar, dincəlməyə başladılar. Nökərlər qəfləqatırı yerləşdirdi, çay qoydular, xörək bişirdilər.
Hər şey hazır olandan sonra süfrə salıb yeməyə hazırlaşdılar. Xoca Müslüm gəlib gördü ki, oğlu bərk yuxulayıb. Gözlədilər ki, oyansın, çörək yesinlər.
Bu zaman oğlan yenə yuxu görürdü. Bayaqkı qoca kişi yaxınına gəlib ona deyirdi: «Oğul, qalx, bu badəni iç, çaxır deyil, cənnət şərabıdır». Oğlan alıb içdi. Qoca kişi şəhadət barmağı ilə bir yeri göstərib dedi: «Bax gör kimi görürsən?» Dedi: «Yəmən şəhərində Muxtar paşanın qızı Sayalı xanımın camalını görürəm». Dedi: «Allah onu sənə qismət eyləsin». Sözünü deyib gözdən yox oldu. Qoca kişi həmin zamanda Sayalı xanımın da yuxusuna girdi. Ona da badə içirtdi. Dedi: «Bax gör kimi görürsən?» Dedi: «Mürsəl bəyin oğlu Sayatbəyi görürəm». Ona dedi: «Allah səni o oğlana qismət eyləsin!..»
Altıncısı, türkü adlandırılan şer parçaları Cumanın epik əsərlərində xüsusi adlarla təqdim olunur: öyüdnamə, dübeyt, qafiyə, şikəstə, turabi, Koroğlu, Kərəmi. Bunlar aşıqların sazda ifa etdiyi havaların adlarını xatırladır.
Yeddincisi, Molla Cuma lətifəvari əhvalatları da şerlə yoğurub dastanlaşdırır. Eləcə də bir deyişmə əsasında dastan düzəldir.
Beləliklə, mövzu etibarı ilə Molla Cumanın epik əsərləri bir-birini tamamlasa da, içərisində ümumi aşıq dastanı ənənəsindən tamamilə kənarda qalan mötivlər də var. Ərtoğrul Cavid aşığın yaradıcılığının bu cəhətinə xüsusi qiymət verərək yazırdı: «Həsən əminin öküzü» yumoristik nağılının obrazları zidd xarakterlidir. Həsən əmi nə qədər aciz, korafəhim isə qadını bir o qədər diri, irəlini görən və praktikdir. Qadındakı aktivlik simpatiya, kişidəki passivlik yumorla verilib. Həsən əmiyə gülünür, lakin bu gülüş məhv etmək üçün deyil, islah üçündür. Onun korafəhimliyi nədədir? Çox pula arıx, xəstə öküz alır, pulun keyfiyyətini anlamıyıb yalnız sayından yapışır. Çünki o, praktik deyil. Nağılın ideyası da budur ki, həyatda praktik olmalısan. Digər tərəfdən bu obrazda müvəffəqiyyətsizliyini anladıqdan sonra belə ümidi kəsməmək vardır. İnək əvəzinə xəstə öküzlə aldadıldığını bilərkən, bir aya bəsləyib, kökəldəcəyini düşünür; öküz öldükdən sonra dərisini soyub satmağı düşünür və belə də edir. Bu isə obrazda həyata qarşı olan optimizimdir. Heç bir şey onu həyatdan küsdürmür. O, yaxşılıqlar görmək istəyir. Rahat məişət yaratmaq istəyir, lakin daima başı daşa dəyir. Neçin? Çünkü praktik deyil. Bu yuoristik nağılın gülüş obyekti Həsən əmidir. Onun gülünəcək tərəflərini üzə çıxartmaq üçün əks xarakterli qadın obrazı yaradılmışdır. O aktivdir. Ehtiyacı ödəmək, inək almaq üçün qənaətlə pul yığır, səhv edənləri tənqid edir. Bu funksiyanı Həsən əminin qardaşı oğlu da daşıyır. O da öz əmisini səhv etdiyi üçün tənqid edir. Nağıl teması etibarı ilə doğrudur, ifadə forması ilə standartlıqdan kənardır, doğru ideya daşıyır».
Molla Cumanın dastanlarından ikisini «Azərbaycan folkloru antologiyası»nın «Şəki folkloru» kitabında çap etdirmişik. «Cəlali Məhəmməd və Tavat xanım» haqqında Ərtoğrul Cavidin rəyində deyilir ki, «Molla Cumaya aid nağıllar içində bu ən maraqlısı, ən səmimisi və ən tükənməzidir. İstər temanın özündə, hadisələrin inkişafında, ifadə formasında bir sərbəstlik, səmimilik vardır... Hər şeydən əvvəl nəzəri cəlb edən, nağıllarda az-az təsadüf olunan motiv müxtəlif millətlər arasıdakı dostluqdur. Bu, xalq yaradıcılığının ən müsbət tərəflərindəndir. Buradakı gürcü diyarı ilə İran tarixi (Cənubi Azərbaycan - R.Q.) arasındakı dostluq simpatiya bəslənərək verilmişdir».
Dastanların yazıya alındığı vaxt çapına mane olan səbəblər rəylərdə açıq-aydın göstərilir. Daha çox zamanın kölə təbiətini ifadə edən tələblər irəli sürülürdü. Məsələn, «Sayad və Sayalı xanım» haqqında deyilirdi ki, «Bir çox nağıllar kibi, bu da uzun macəralardan sonra sevgililərin bir-birinə yetməsi temasındadır. Hər vaxt macəraçı maneələri dəf etməkdən ibarət ikən (aktivlik), nağılda acizlik, sevgidən xəstə olma, arıxlama, yuxuları izləmə kimi ümumi bir passivlik mövcuddur. Ən ağır vəziyyətdə ilahi qüvvətə malik qoca dərviş kömək edir. Obrazlardakı passivlik və tema inkişaf etmək istəmir, çünki obrazlarda onu hərəkətə gətirəcək aktiv qüvvə yoxdur. Belə hallarda, temanın inkişafına əsas yardımı yuxular, dərviş, pirani qoca görür». Əslində bütün eşq dastanlarının canı butadan (yuxular), hədiyyə bağışlayandan (pirani qoca), möcüzəli doğulmuş qəhrəmanın taleyinin daimi izləyicisindən (dərviş) ibarətdir.
Yaxud çapını dayandırmaq üçün epik əsərlərin dini məzmunla əlaqələndirilməsi əsas götürülürdü. «Bu dəyişmənin məzmun analizində nəzəri ilk cəlb edən, dəyişməyə mənfi xarakter verən, əsas hissə olan sualların dini məzmun daşımasıdır. Sualların teması: Allah, Şeytan, Cəbrayıl, Əli, Xətəməl Muxtar, Qülhüvəllah surəsi, İsa, Nuh, Xizr peyğəmbər, Sureyi-Əlhəm, Eyyub peyğəmbər, Mikail, İsrafil, Həsən, Hüseyn, İdris, inkir-minkir, qızıl öküz, Yusif Nəbi, Davud Nəbi və i.a. Çox az, bir-iki nümunə tarixə (məs.: İskəndər), təbiətə (məs.: arının şirin ot seçməsi) aid suallar da var. Lakin əksər suallar dini temadadır ki, bu, bütün marağı öldürür, yorğunluq və soyuqluq törədir».
İslami görüşləri əks etdirdiyinə görə «Həsən əminin öküzü» əsərinin başlanğıcındakı şerin qeyri-şərtsiz olaraq mətndən çıxarılıb atılması tələbi irəli sürülürdü: «Yeganə ağırlıq «Ustadnamə»dədir. Nağılla tematik bağlılığı olmayan bu parça mücərrad yalvarışdan ibarətdir. Nədən ötrü? Aydın deyil. Bütün bəndlər dini kəlmələrlə doludur: Zəburdan, İncildən, Tövratdan, Qurandan, surə, yasindən tutumuş ta Turisina dağına, Həvvaya, Adəmə, 124. 000 peyğənbərə - Xatəməl, Muxtara, Hənifəyə, Xızır peyğənbərə, abi-zəmzəmə, abi-kövsərə, abihəyataz - hamısına aid müraciətlər verilir ki, bağışlasın. Müraciət allaha doğrudur. Nədən ötrü yalvarır, heç bəlli deyil».
Qəribədir ki, represiya çağlarında Azərbaycanda sovet idiologiyasının tələblərinə uyğun olaraq müəmmalı «xalqlar dostluğu»na zidd sayılan motivlərin dastanlardan çıxarılması tələbi irəli sürülürdü. Məhz görkəmli folklorçu M.H.Təhmasib qızıl ordunun erməni əsgərləri tərəfindən faciəli şəkildə qətlə yetirilən aşığın epik əsərlərindən ən məşhurunun çapına ona görə qadağa qoymuşdu ki, içərisində «erməniliyi inkar, müsəlmanlığı təbliğ edən» şer parçası vardı. Bu türkü bizdə yasaq edilsə də, dastanın türkmən variantında çapına asanlıqla rəvac görülmüşdü.
Diqqət yetirin: Kərəm uzun ayrılıqdan sonra, qaçırılan sevgilisini kəndbəkənd təqib edərkən anlayır ki, erməlik şərin mənbəyidir və Əsli bu adı daşımaqla saf eşqi təhqir etmiş olur, ona görə də onu birbaşa özgə dindən - xristianlıqdan deyil, məhz ermənilikdən imtina etməyə çağırır:

«Mədəd-mədəd» deyib işim bitirdin,
Qız, gəl müsəlman ol, qalma erməni.
Bir dərdimi əlli minə yetirdin,
Əsli, müsəlman ol, qalma erməni.

İnanma keşişin fitnə-fəninə,
Həftə pəhrizinə, əlli gününə,
Gəl imana, keç Kərəmin dininə,
Dönüb müsəlman ol, qalma erməni.

Həyalı dilbərsən, qızlar soltanı,
Yandırma şər dindən ötrü bu canı.
Atıb şəriəti, dini, ərkanı,
Gəl, qız, müsəlman ol, qalma erməni.

Kərəm yalnız erməniliyin daşını atandan sonra sevdiyi gözəlin aşıqlıq zirvəsinə çatmasına şərait yaradır. «Sözünü qurtaranda allahdan xahiş eləyir ki, Əslini də onun kimi aşıq eləsin. Dua müstəcab olur». Əks halda onlar müqəddəs Ocağa - Eşq məbədinə, Pirə birlikdə ayaq basa bilməzdilər.
Molla Cumanın lirik irsi ilə tanış olarkən adama elə gəlir ki, o dastan yaratmaq meylinə düşsə, ilk növbədə, möhtəşəm obraz kimi İsmi Pünhana üz tutar. Lakin aşığın bu lirik qəhrəmanı açıq şəkildə onun epik əsərlərinə köçürülmür. Azərbaycan xalqının yaratdığı gözəl əfsanələrdən birini - «Əsli və Kərəm»i dastanlaşdıranda isə Molla Cuma «ismin pünhanlaşması» ideyasını başqa qəlibdə əbədiləşdiririr. Mirzə bəylə Qara Soltan adlarını el tənəsindən qurtarmaq məqsədilə dəyişdirib Kərəm və Əsliləşdirirlər.
«Cavadoğldu» müxəmməsində epiklik, təsvirçilik elə qüvvətlidir ki, Molla Cumanın qaçaq dastanları yaratdığına ümid yaranır.


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:10
Baxış sayı: 79

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com