Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 40
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 233
  • Ümumi hit: 15576

Müxtəlif

Lirik xalq mahnıları

Lirik xalq mahnıları
Müəllif: Ramazan Qafarlı

Lirik xalq mahnıları - poetik xalq yaradıcılığının sadə və anlaşıqlı dildə yaranan, geniş yayılan ən kütləvi janrlarından biridir ki, onlarda insanların daxili aləmi, hiss və həyəcanları, duyğu və düşüncələri, təəssüratları, əhval-ruhiyyəsi, təbiətdə və cəmiyyətdə baş verən hadisələrə münasibətləri əks olunur. Bu xüsusiyyətlər xalq mahnılarının janr və üslub spesfikliyini şərtləndirir. Başqa sözlə, mərasimlərlə, ayrı-ayrı əmək sahələri ilə, ilkin peşələrlə əlaqəsini itirib, xalqın məişətinə müstəqil yaradıcılıq forması kimi daxil olan Azərbaycan xalq mahnılarının böyük tarixi, mədəni və estetik əhəmiyyəti vardır. Mahnılarda xalq həyatının bütün cəhətləri özünəməxsus şəkildə tərənnüm edilir, kütlələrin ictimai haqsızlığa qarşı e’tiraz səsi ucaldılır, Azərbaycan-türk xarakterinin mə’nəvi siması, tarixi idealları göstərilir. Bu mə’nada mahnılar hər bir xalqın özünəqayıdışıdır, milli mənlik ölçüsüdür, vətəndaşlıq «pasport»udur, ruhunun güzgüsüdür və poetik sisteminə, mövzularına və ifa tərzinə görə başqa lirik folklor janrlarından əsaslı şəkildə seçilir.
Lirik xalq mahnıları əmək və mərasim nəğmələri, layla və aşıq poeziyası ilə bir sırada şe’r-musiqi (mahnıları melodiyasız təsəvvür etmək mümkün deyil, mahnı və musiqi bir-birindən ayrı ifa edilmir) folkloruna aiddir, daha doğrusu, şe’rlə musiqinin sintezindən ibarətdir, çox hallarda mətn hazır melodiya əsasında yaranır. Yaxud, xalq hər hansı bir mahnı mətninin quruluşuna, ölçüsünə uyğun xüsusi musiqi bəstələyir, bə’zən də əksinə olur, lakin hər ikisi (mətn və musiqi) formalaşıb qurtarmamış xalq arasında yaşamır, ifa edilib yayılmır. Xalq mahnılarının poetik strukturu məhz melodiya ilə əlaqəsinə görə biçimsizdir, misranın heca və bölgü düzümündə, qafiyə sistemində ardıcıllıq gözlənilmir. Eləcə də, xalq mahnıları mərasim nəğmələri, sayaçı sözləri və dramlardan fərqli olaraq, oyunlardan, dinamik hərəkətlərdən uzaqdır. Lakin demək olmaz ki, tamaşa ünsürlərini özündə tam əks etdirmir. Xalq mahnıları söz, musiqi və ifa sənəti olmaq e’tibarı ilə insanların emosiyalarından doğur. Əsil ifaçılar melodiyanı qanına, canına, ruhuna hopdurur, onlar qəmli, kədərli mövzuya uyğun sarsıntılarını mimika və jestlərlə biruzə verirlər. Bunun əsas səbəbi ondadır ki, folklorun bütün lirik janrları mənşəcə eyni kökə bağlıdır, sinkretikdir və həm ifaçılıqda, həm də şe’r yaratmaqda improvizədən faydalanır.

Xalq mahnıları söz, musiqi və ifa sənəti olmaqla, ilk növbədə, mərasim nəğmələrinə yaxındır. Lakin mərasim nəğmələrindən fərqli olaraq, mövzu və üslubca əfsun - tilsim başlanğıcına malik deyil. Xalq mahnıları ümumi məzmunu ilə insanların gerçək münasibətlərindən doğan ən tipik təəssüratları bir-birinə ötürməyə yardım göstərir. Eləcə də konkret şərait, yaşantı, dolğun həyat epizodları mahnıların ideyasını aşkara çıxardır. Mərasim nəğmələrində özünü açıq-aydın nəzərə çarpdıran şərtilik, uydurma və fantastik aləm əvəzinə, həyati hadisələrdən yaranan hiss və həyəcanlar, emosiyalar qoyulur. Bu mə’nada xalq mahnıları hamının çox asanlıqla anlaya bildiyi məzmun və formaya malikdir, ümumxalq malıdır. İnsanların məişətində geniş işlənməsinə, kütləviliyinə görə heç bir folklor janrından geri qalmır və milyonlarla Azərbaycan türkünün gündəlik həyati tələbatına, mə’nəvi qidasına çevrilir. Xalq məişəti ilə sıx bağlılığı onun sür’ətlə inkişafına və daha geniş ərazilərdə yayılmasına şərait yaradır. Bu mə’nada lirik xalq mahnıları bədii, poetik, çoxcəhətli, səmimi yaradıcılıq növüdür və həqiqi xalq duyğuları ensiklopediyasıdır.

Mərasim və əmək nəğmələrindən fərqli olaraq, xalq mahnılarının oxunma yerinə, vaxtına, mənsubluğuna görə ciddi məhdudiyyətlər qoyulmur. Əgər mərasim nəğmələri təqvimi bayramlarda (Novruz mərasimi nəğmələri yalnız yazın gəlişi ərəfəsində) və toy şənliklərində, yaslarda (toy-halay nəğmələri, ağılar), laylalar beşik başında körpələr yatırılarkən (analar tərəfindən), sayaçı sözləri təkcə qoyunçuluqda (bir peşə daxilində) oxunursa, xalq mahnıları hər zaman, hər yerdə hamı tərəfindən ifa olunur. Çünki onlar insanların gündəlik fəaliyyəti, yaşayışı, işi və istirahəti ilə qırılmaz tellərlə bağlanır, ən çətin anlarında xalqın təsəllisi, məlhəmi olur. Doğrudur, xalq mahnılarında da müəyyən məhdudiyyətlər özünü göstərir: ayrı-ayrılıqda bə’zilərini yalnız gənclər, qocalar, qadınlar, kişilər oxuyurlar. Lakin ifanın hansı zümrəyə məxsusluğuna baxmayaraq, mahnı hamının qəlbinə yol tapır. Yaxud qaçaq mahnıları xalqın kiçik bir hissəsinə həsr olunsa da, hər kəsin zövqünü oxşayır, ruhunu dilləndirir və bütün bu xırda məhdudiyyətlər janrın müəyyənləşməsinə heç bir maneçilik törətmir. Ü.Hacıbəyov qeyd edirdi ki, «el mahnıları Azərbaycan xalqının əhvali-ruhiyyəsini şərh, zövq musiqisini bəyan, şe’r və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini tə’yin edə bilən böyük bir material olduğundan onun istər maddi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti çox böyükdür».

Beləliklə, mahnılar həqiqət və haqq-ədalət həsrəti ilə şiddətlə döyünən böyük ürəyə malik Azərbaycan-türk xalqının şifahi ədəbiyyatının «epopeyalar kimi geniş, düşüncələr qədər dərin» (M.Qorki) lirik janrıdır. N.V.Qoqolun sözləri ilə desək, «xalqın həyatını bütünlüklə aşkara çıxarıb, əlvan boyalarla verən dolğun, parlaq, həqiqi tarixidir. Onun dərinliklərinə baş vurmayan keçmişi, ulu babalarının məişəti barədə heç nə öyrənə bilməz». Deməli, xalq mahnılarında ötən əsrlərin ruhu, bütöv xalqın xarakterinin ümumi cizgiləri, eləcə də hər bir fərdin özünəxas cəhətləri, hiss və həyəcanları, duyğu və düşüncələri çalarları, incəlikləri ilə əks olunur.

Xalq mahnılarının lirik məzmununu şərtləndirən əsas əlamət odur ki, hər hansı bir həyat hadisəsinə münasibətin ifadə edilməsində əhval-ruhiyyələrə, hiss və duyğulara üstünlük verilsin. Bu mə’nada xalq mahnılarının lirikliyi heç də yazılı poeziyadan geri qalmır. Onları bir-birindən yalnız məzmunu ilə fərqləndirmək mümkündür ki, bu da özünü iki cəhətdə göstərir:

1.Yazılı lirik poeziyada bir şəxsin daxili aləminə güzgü tutulursa, xalq mahnıları ümumiləşdirici xarakterə malikdir. Bu məsələ ilə bağlı hələ keçən əsrin ortalarında N.Q.Çernışevski yazırdı: «Xalq mahnıları cəsarətlə hər bir adamın hisslərinə tətbiq edilməlidir, yoxsa bütöv xalqın malına çevrilməz, ancaq bir qrup insana gərəkli olar».

2. Xalq mahnıları daha çox məişətə söykənir, başqa sözlə, məişət detalları ilə yüklənir.

Deyilənlərdən aydın olur ki, xalq mahnıları insanların daxili aləmini əks etdirən elə bir güzgüdür ki, orada bir şəxsin deyil, bütöv bir xalqın, milyonların əhval-ruhiyyəsi, duyğu və düşüncələri öz əzəməti ilə təsəvvürümüzdə canlanır. Yazılı poeziyanın lirik əsərlərindən məhz bu xüsusiyyətinə görə seçilir. Qəmli, kədərli, ayrılıq, hicranla dolu motivlər üstünlük təşkil etsə də, mahnılarda gələcəyə nikbin baxış müşahidə olunur ki, bu da türk ürəyinin yaşamaq ehtirasından, şərə, haqsızlığa qarşı barışmazlığından, qəlbinin genişliyindən, həyat gücünün sonsuzluğundan irəli gəlir. Düşmən əsarətində qalmalarına, aclıq keçirmələrinə, soyuğa, şaxtaya düşmələrinə, qonşularından, əl tutub yardım etdikləri, bir tikə çörəklərini bölüb verdikləri, ocaqlarının başında qızındırdıqları yadlardan, özgələrdən xəyanət, zülm, məşəqqət görmələrinə baxmayaraq, hissə qapılmamış, dünyadan əllərini üzməmiş, qəlbləri sönməz həyat eşqi ilə, sevincli günlər eşqi ilə döyünmüş, heç vaxt təravətini itirməyən gənclik coşqusuna, şən-şux notlara köklənmişdilər.

Xalq mahnıları ifanın xarakterinə və tərzinə görə fərdi, deyişmə, davamlı, sürəkli, haylı və oxşatma şəklindədir. Əgər xalq dramlarını xüsusi adamlar - xalq içərisindən çıxmış «aktyorlar» meydan və səhnələrdə canlandırırlarsa, mahnıları sənətindən, peşəsindən, cinsindən, yaşından asılı olmayaraq, hamı zümzümə edir. Əksər hallarda bütün icma, kənd əhli mahnının ifasında iştirak edir. Əlbəttə, yaş və cins fərqinə görə qocaların, cavanların, yeniyetmələrin, qadınların və kişilərin məxsusi xor dəstələri yaranırdı, bə’zi mahnılar məzmunu ilə də qadının, yaxud kişinin, qocanın, yaxud cavanın oxumasını şərtləndirirdi. Lakin həmin mahnılar da kütləviliyini itirmirdi. Eləcə də səsi və ifa məhərəti ilə seçilən adamlar var idi ki, onlar muğamlarla yanaşı, xalq mahnılarının da ən mahir ifaçıları kimi el içində böyük şöhrət qazanmışdılar.



Mahni ve usaq folkloru
folklor
May 19, 2008 22:53
Baxış sayı: 88

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com