Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 43
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 240
  • Ümumi hit: 15583

Müxtəlif

Keçi mifinin rituallaşması



Keçi mifinin rituallaşması
Müəllif: Ramazan Qafarlı

Qışın Kosa, yazın keçi obrazında mifikləşməsi ulu əcdadlarımızın əkinçilik məşğuliyyətinə başlamasından qabaq olmuşdur. İnsanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Özlərinin istehsal etmələrindən əvvəl yeməklə, primitiv geyimlə təminatlarını (yaşayış yerlərini belə) təbiət ödəyirdi. Bu zaman yaz, yay, payız aylarının səmərəsini, qışın isə hər şeyi dondurub yoxa çıxardığını görürdülər. Deməli, onların ilkin təsəvvüründə soyuq, şaxta - qış təbiəti yoxsullaşdırdığı, çılpaqlaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi.
Yaz və yay aylarında havanın hərdən sərtləşməsini (bərk küləklər əsməsi, leysan tökməsini) belə qışın göndərdiyi bəlalar sayırdılar. Məhz bu bəlalardan xilas yolları axtarmaları onları rituallara gətirib çıxarmışdır. Qışda da insanları südü, əti və dərisi ilə aclıqdan qurtaran, yaşadan vasitələr tapılırdı. İlk-əvvəl onların bütün ehtiyaclarının təminatçısı mal-qara idi. Tarixin müəyyən mərhələlərində qoyun (saya oyun-tamaşalarında), inək, kəl (əkinçiliyin meydana gəlməsindən sonra holavarlarda) və b. heyvanlar keçini üstələməyə cəhd göstərsələr də, onun üstündən xətt çəkə bilməmişlər. Keçi Azərbaycan mifoloji görüşlərinin ən möhtəşəm obrazı kimi rituallarda bu günədək yaşamaqdadır. Bəs Azərbaycan mifik təfəkküründə keçinin liderliyi ələ almasının səbəbi nədir?

Bir cəhət maraqlıdır ki, keçi dünyanın əksər qədim xalqlarının mifologiyasında özünə yer tapmışdır. Yunanlarda baş allah Zevs körpəlikdə ilahi keçi Amalfeyanın südü ilə bəslənir. R.Qreyve yazır ki, «Amalfeya, yəqin ki, bakirə ilahə olmuşdur, İo və Adresteya ilə birlikdə yazın adi ay üçlüyünü (aprel, may, iyun) təşkil edirdi... və keçi cildində təsəvvürə gətirilirdi» [167, 28]. Tanrıların yazın üç ayını – aprel, may, iyunu bildirməsinin izləri Azərbaycan ritualında da qorunub saxlanmışdır. «Kosa-Kosa» oyun-tamaşasında keçi meydana üç balası ilə birlikdə çıxır. Yunanlar Amalfeyanı çobanların tanrısı Nemesida (Azərbaycan türklərində ona Saya deyirlər) sayırlar, yağışı çağırma mərasimində onun rəmzi sayılan müqəddəs ağacdan istifadə edirdilər. Azərbaycanda da «Qodu-Qodu» oyununda bir ağacın başına köynək keçirib, ya da adicə əski sarıyıb həyətləri qapı-qapı gəzir, oxunan nəğmələrdə qoyunun, keçinin südünün, balalarının bolluğu arzulanır. Qodunun Günəş tanrısı olduğunu sanırlar. Amalfeyanın Azərbaycan mifoloji sistemindəki keçi ilə üst-üstə düşən digər cəhətlərinə diqqət yetirək: hər ikisi bahar fəsli ilə əlaqələndirilir, ritualların detalına çevrilir, dünyanı formalaşdıran Yaradıcıya yararlı olur, özündən qat-qat güclü düşmənlə vuruşub qələbə çalır və s. Bir çox xalqların mifologiyasında (xüsusilə yunanlarda və qədim misirlilərdə) məhsuldarlıq və bolluq allahlarının keçi ilə əlaqəsi ikili xarakterə malikdir: keçi bir tərəfdən tanrıdır, müqəddəsdir, toxunulmazdır, digər tərəfdən inciklik atributlarından biridir, parçalanıb yeyilməyə layiqdir. Bu, eyni gerçəkliyə mifoloji prizmanın bir-birinə əks qütlərindən baxılmasıdır. Mahiyyət etibarı ilə Azərbaycan rituallarında da özünə yer tapır.

Dionis (eləcə də başqa bitki və məhsuldarlıq allahları Demetr, Adonis, Attis və Osiris) əsasən öküz və keçi şəklində təsvir edilir. Lakin ilkin mərhələdə buynuzlu öküz kimi qəbul edilən Dionis «öküzlüyünü» özündə çox yaşada bilmir və keçiləşir. O, keçi cildində nə qədər ziddiyyətli təsvir edilsə də, hətta dəfələrlə «keçilik»dən boyun qaçırmağa təşəbbüs göstərsə də, ondan yaxa qurtara bilmir. Məhsuldarlıq allahının öküz cildində (qış aylarında, adamlar ehtiyac içində yaşayanda) icmanın köməyinə gəlməsi və insanlar aclıqdan qırılmasınlar deyə, öz göstərişi ilə bədəninin parçalanıb yeyilməsi Dionis kultlarında ritual şəklində icra edilirdi. Boynu qırmızı-yaşıl lentlərlə bəzədilmiş buynuzlu öküzü (yaxud keçini) meydanın ortasına çəkir, ətrafında dövrə vurub oynayır, oxuyur, tanrı kimi ona ehtiram göstərir, axırda kəsib ətini mərasim iştirakçılarına paylayırdılar. Ola bilsin ki, sonrakı daha mükəmməl dinlərdə insanların birliyi, allaha tapınması və rifahları üçün tanrı oğlunun özünü qurban verməsi haqqındakı təsəvvürlərin (İsus Xristosun çarmıxa çəkilməsi, özü də Dionis və Osiris kultlarında olduğu kimi, burada da sonradan dirilmə hadisəsinə rast gəlirik) formalaşmasına həmin mif təkan vermişdir.

Dionisin keçi şəkli alması miflərdə daha geniş şərh olunur. Belə ki, Zevs Heranın azğınlığından qorunmaq məqsədi ilə körpə Dionisi keçi balası şəklinə salır. Sonra allahlar titan Tifonun qəzəbindən qorxub, Misirə qaçanda Dionis həmişəlik keçiyə dönür. C.Frezerin dediyi kimi, «Dionis kultunun iştirakçıları keçini diri-diri parçalayıb ətini çiy halda yeyəndə, yəqin elə zənn etməli idilər ki, allahın qanı və canı ilə qidalanırlar. Heyvan və insanın parçalanıb ətinin yeyilməsinə əsaslanan dini mərasimlər müasir barbarlar - vəhşi insan toplumları (Avstraliyada yaşayan aboregenlər nəzərdə tutulur) tərəfindən də icra olunur» [313, 367]. Qədim görüşlərdə müqəddəsləşdirilən heyvanlar qorunurdu, əzizlənirdi («Nənəm, a xallı keçi, Məməsi ballı keçi...», yaxud «Nənəm, a tatar keçi, Qayada yatar keçi...» şəklində). C.Frezer bu «uyğunsuzluğu» miflərin məzmunundan irəli gələn dəlillərlə əsaslandırmağa çalışır, lakin gətirdiyi arqumentlərin gerçəkliyinə şübhə ilə yanaşır. Axı, keçinin (allahın) onun özünə qurban gətirilməsini necə başa düşmək olardı? Mifdə göstərilir ki, keçi Dionisin saldığı üzümlüklərə ziyan vurduğu üçün «cəzalandırılır». Əslində qurban kəsilməsi Keçi-Dionisin tanrı fədakarlığı idi.

Məhsuldarlıq və bolluq allahlarına aid miflərin hamısında ölüb-dirilmə motivi (Xızrın dirilik suyunu içib əbədilik həyat qazanmasında da buna işarə var) özünü göstərir. Osirisin ölüb-dirilməsi buğdanın hər il əkilib-becərilməsinin mifik dərki sayılır. Elə isə buğda da Osiris allahın yer üzündəki nişanəsidir, onu yeməmək üçün tabu tətbiq olmalı idi. Lakin bu, totemizmlə bağlı görüş olmadığı üçün tabudan söhbət gedə bilməzdi. Başqa meyvələr barədə də eyni qənaəti söyləmək mümkündür. Yunanlar «üzüm allahın qanından yaranmışdır» qənaətini irəli sürürlər, digər tərəfdən də üzümü ləzzətlə yeyir və ondan hazırlanan şərabı hər gün içirdilər. Beləliklə, allahlarla bağlanan bitkilər qidaya çevrildiyi halda, keçinin parçalanıb ətinin yeyilməsi heç bir təəccüb doğurmamalıdır. Yalnız heyvana və bitkiyə nəsil törədən - totem kimi yanaşanda yeyilməsinə tabu tətbiq edilir və belə yasaqları pozanların aqibəti ölümlə nəticələnirdi. Eləcə də qədim insanların buğdanın, üzümün yetişməsinə - dirilməsinə inamı olduğu halda, keçinin yenidən canlanmasını qəbul etmələri mümkün idi. Təbiətin qorxunc qüvvələri ilə baş-başa qalanda ulu əcdadı yalnız bir məsələ düşündürürdü, yaşamasına mane olan əngəlləri aradan qaldırmaq. Onun mifik görüşləri, ritualları da buna xidmət edirdi. Ona görə də bəzən Dionis öküz qanını (mifə görə, öz qanını) isti-isti içən yerdə təsvir edilir və adına «öküz yeyən» deyirdilər. Bu, barbarlıq dövrünün mifik təsəvvürlərinin qalıqları idi. İnsanlar «vəhşi» təbiətin qoynunda yaşamaq uğrunda mübarizə aparırdılar. Təbii seçmə qanununda olduğu kimi həyat güclülərin və bilinməz qorxunc hadisələrin əlində idi.

Dünya xalqlarının mifologiyasında keçinin qoruyucu ruh funksiyasını yerinə yetirməsi haqqında daha maraqlı təsəvvürlərə rast gəlirik. Taxıl əkiləndən sonra zəmiyə zərər dəyməyə qoymayan, məhsulun bolluğuna çalışan çörək ruhu (yaxud taxıl ruhu) kimi daha çox keçiyə müraciət edirdilər. C.Frezer norveçlilərin və prusların qədim rituallarından danışarkən qeyd edirdi ki, «çox hallarda çörək ruhu keçi şəkli alırdı» [314, 324]. Çörək ruhu o deməkdir ki, insanlar taxılı əkəndə sünbülün cücərib yetişməsini hər hansı bir heyvanın (əksər hallarda keçinin) davranışları ilə əlaqələndirir və zəminin onun tərəfindən himayə edilməsinə inanırdılar. Taxıl yetişənədək həmin heyvana qayğı ilə yanaşırdılar. Tarlalarda sünbülləri külək tərpədəndə elə bilirdilər, keçi ruhu onların üstündə gəzir. Uşaqlara tapşırırdılar ki, zəmiyə girib, şitilləri məhv etməsinlər, yoxsa keçi ruhu onları cəzalandırar. Əski inama görə, buğdanın son dənəsi xırmandan toplanıb sovurulanadək keçi ruhu tarlada yaşayır. Eləcə də məhsulun bol olub-olmayacağını zəmilərdə saxlanan «müqəddəs keçi»lərin əhval-ruhiyyəsi ilə müəyyənləşdirirdilər. Onun başına bir hadisə gəlirdisə (canavar tərəfindən parçalanırdısa, məhsulun yetişməsi ərəfəsində xəstələnib ölürdüsə və s.), bunu taxılın məhvi kimi başa düşürdülər və həmin sahədən əllərini üzürdülər. Elə bilirdilər ki, keçi ruhu inciyib getmiş, sünbülü qoruyan yoxdur. Tarlada düşmən ruhlar məskən salmışdır. Şübhəsiz, əski çağlarda Azərbaycanda da bu cür ruhlara inam olmuşdur. İnanclarda deyilir ki:

«Keçi keçim olsun, oturduğum yer samanlıq» - yəni keçinin ruhu samanlığa gəlsə, orada da taxıl yetişər.

«Keçi kasıbın inəyidir»,
«Keçiyə bir sürü qoyundan bir keçi yaxşıdır»,
«Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardılar»,
«Keçinin qoturu sərçeşmədən su içər» və b.

Bir xalq inancında isə:

«Xırmandan sovrulmamış buğda götürənin oğlu ölər, sovrulmuş buğda götürənin oğlu olar» - deyilir.

Sual doğur, sovrulmamış buğda götürənin oğlu niyə ölməlidir, yazıq hansı günahın sahibidir? Çünki sovrulmamış buğda ruhludur, Yel baba keçi ruhunu onun canından hələ çıxartmamışdı, ona görə də əl dəyənin ən istəkli adamının canını alırdı. Yaxud keçinin dilindən oxunan bir xalq nəğməsində («Üç ay qış ölmərəm, allah kərimdir, Şeytan-şeytan balalarım var mənim...) Keçi (yaz) balaları ilə (aprel, may, iyun ayları) qışın - Kosanın və onun üç qəddar övladının (dekabr, yanvar, fevral ayları) bütün əziyyətlərinə dözür.

Keçinin mifik təfəkkürdə başqa heyvanlardan üstünlüyü onu deməyə imkan verir ki, ev heyvanlarının əhilləşməsində, həmişəlik insanların məişətinə daxil olmasında birincilik məhz keçilərin boynuna düşmüşdür. Qədim mənbələrin birində yazılır ki, «Keçi və keçi sürüsü ibtidai insanın təsərrüfatının əsas predmeti hesab edilirdi... Keçi südü yemək üçün çox faydalı idi, sinə xəstəliklərinin dərmanı hesab edilirdi. Solomon (Süleyman) deyirdi: «Keçi südü ilə böyük bir icmanın qidasını təmin etmək mümkündür». Keçi yunundan paltarlıq parça, süfrə, pərdə, dərisindən qab-qacaq və kürk hazırlayırdılar. İuda qanununda keçi təmiz heyvan sayılır və günahlar üçün qurban kəsilirdi. Müqəddəs kitabda yazılır: «Allahın sözlərinə görə, «çobanın yaxşı olub-olmaması qiyamət günündə keçisinin arıqlığı-köklüyü ilə bilinəcək, onda xeyirxah insanlar şər insanlardan ayrılacaq». Daniil peyğəmbərin kitabında isə keçi Makedoniya imperiyasının rəmzi kimi göstərilir» [188, 402]. Göründüyü kimi, keçi və keçi sürüsü ibtidai insanın təsərrüfatının əsas predmeti hesab edilirdi.

«Draxt-i-Asurik» («Assur, Assir, Babil ağacı», yaxud «Xurma (palma) ağacı») adlı orta əsrlərə aid Zoroastiriya mətnində keçi ilə xurma ağacının mübahisəsi verilir. Xurma ağacı meyvəsindən, qabığından, qol-budağından məişətdə geniş istifadə olunması ilə öyünür.

«Mən – quşlara yuva, yolçulara kölgəliyəm,
Çərdəyim yerə atılan kimi yenidən göyərirəm.
İnsanlar imkan versə, budaqlarıma ziyan vurmasa,
Başım həmişə yaşıl qalar,
Kimlərin ki, şərab və çörəkləri yoxdur
Meyvələrimi yeyirlər, qarınları doyana qədər». [132, 4]

Keçi cavabında söyləyir ki, «xanəndələr yardımımla oxuyur, bərbut və təmbur ancaq mənim havamı çalır… Əvvəl dünya yarandı, sonra mən. O vaxtdan ətirli dağ ətəklərini gəzirəm, təzə otdan yeyib, sərin bulaq suyundan içirəm; sən isə dərzilərin iynəsi tək bir yerə sancılıb qalırsan». Məlum olur ki, keçi dünya yarananda yer üzündə görünən ilk heyvan idi; dağları özünə məskən seçib sərbəst gün keçirirdi. İnsanların əlinə keçməklə əhilləşdirilmişdi.

Keçi bildirir ki, «sən dev kimi uzunsan, başının tacı devlərin buynuzuna oxşayır» və öz keyfiyyətlərini sadalalayaraq deyir:

«Tanrıların bəyəndiyi müqəddəs südü hamı məndən alır,
Onu bütün dördayaqlıların tanrısı Hoşurvan da xoşlayır.
Məndən hazırlanır əzəmətli Haoma və ilahi güc alınır.
Yolvarq da məndən tikilir – gözəl keçi dərisindən» [132, 5].

«Yolvarq» Azərbaycanda dağlı çobanların əyinlərinə geyindikləri paltara deyirlər, yəhərlərin qayışı da bərkliyinə görə keçi dərisindən olurdu. Öz südü ilə müqəddəs Haomanı (atəşpərəstlərin dinə qəbul edilmə mərasimlərində gənclərə içirilən içki) meydana gətirən keçi mübahisənin nəticəsində palma ağacına qalib gəlir. Bir məsələni də diqqət mərkəzinə çatdıraq ki, Azərbaycan türklərinin maldarlıq nəğmələri «holovar» adlanır. İzahından bəhs açan tədqiqatçılar çətinlik qarşında qalıb sözün anlamını skandinav mifləri ilə yozmağa çalışırlar. Lakin əsasən inəyi, öküzü vəsf edən «holovar»ın atəşpərəstlik təsəvvürlərindəki heyvanların hamisi «Hoşurvan» tanrı adından törəndiyi göz qabağındadır.

Ulu əcdadın əkinçiliyi mənimsəməsindən sonra Kosa-keçi mifi yaz qabağı ritualların detallarından birinə çevrilmişdir. Mif ritual əsasında yaransaydı, «Kosa-keçi» oyunu bütövlükdə mərasimin mahiyyətini izaha xidmət etməli idi. Lakin «Kosa-Keçi» çıxarılsa belə, yazqabağı Novruz mərasimi məzmununu itirmir. Sinifli cəmiyyət formalaşandan sonra «Kosa-keçi» mifinə ictimai münasibətlər, ailə-məişət və sosial məsələlər əlavə edilərək xalq dramı şəkli almışdır. Maraqlıdır ki, inkişafın müəyyən mərhələsində «Kosa-keçi» mifi dünya xalqlarının əksəriyyətinin folklorunda özünə yer tapan «canavar və yeddi keçi balası» (Azərbaycanda «Şəngülüm, Şüngülüm, Məngülüm») nağılına çevrilmişdir. Nağılda ilkin təsəvvürlərlə bağlanan cəhətlər çoxdur: keçinin balalarının ölüb-dirilməsi, ana keçinin maddi nemətləri təbiətdən hazır şəkildə götürməsi («Buynuzumda ot gətirmişəm, döşümdə süd gətirmişəm...» ) və başqasının köməyi ilə (dəmirçinin buynuzunu itiləməsi) özündən güclü olan düşmənə qalib gəlməsi və s. Kosanın canavarla əvəz edilməsi isə nağılın uşaqlara ünvanlanmasından irəli gəlir. Ulu babalarımız bilərəkdən hadisələri mücərrəd mifik zaman və məkandan çıxardıb körpələrə tanış olan məkana - meşəyə (meşədə canavar ən yırtıcı və qəddar heyvandır) köçürmüşdür.

Keçinin Azərbaycan mifoloji görüşlərində funksiyasını ilk dəfə müəyyənləşdirib geniş təhlilini aparan M.Seyidov düzgün nəticəyə gəlmişdir. «Keçi yazın bəlgəsidir, buna görə də yaz bayramında aparıcıdır, Günəşlə ilişgəlidir. Keçi yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişidir» [90, 92].



Bölməsiz
folklor
May 19, 2008 16:07
Baxış sayı: 65

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com