Ic oquzla Dis oquzun savasinin sebebi
İç Oğuzla Dış Oğuzun savaşının səbəbi (birinci məqalə)
«Dədə Qorqud» eposunda Qafqaz türklərinin vahid dövlət yaratmaq arzuları, onlara məxsus əraziləri düşmən basqınlarından qorumaları, öz içərilərində yetişən xəbis, şər adamların hiyləsinə uymamaları ayrı-ayrı boyların ana xəttində durur və ulu babalarımızın idarəçilik sisteminin strukturları bütün atributları ilə göstərilir.
Bu sistemdə çox qədim dövrlərdən miras qalan hakimiyyətin nəsildən nəslə keçməsi prinsipinə də (lakan dünya tarixində mövcud olan ümumi monarxiya üsul-idarəsindən tamamilə fərqli formada), kollektiv idarəçiliyə də rast gəlirik. Bir cəhət heyrət doğurur: mədəni ölkələrdə bu gün uğurlu sayılan prezident üsul-idarəsinə oxşar dövlət quruluşunun eposda, demək olar ki, əsas amilləri özünə yer tapır. Şumer, misir, yunan və roma xalqlarının eposlaşmış mifoloji mətnlərində dövlətin yaranması, quruluşu geniş şərh olunsa da, idarəçiliyin əsası tanrılarla əlaqələndirilir. Bu səbəbdən də iqtidar rolunda yarımallah - yarıminsan tək dünyaya gələn mədəni qəhrəmanlar və onun nəslinin nümayəndələri çıxış edirlər. Xalq isə təbiətdəki başqa canlılardan biri kimi xarakterizə olunur. Kütlələr dövlətin yaranması və inkişafında, qorunmasında fəal rola malik göstərilmirlər. Hakimiyyətin pilləvari quruluşunun ən yüksək qatında tanrılar tərəfindən «seçilən», insanların (ümumiyyətlə bütün canlıların) birliyini təşkil etməyi bacaran, təbii fəlakətlərə, şər qüvvələrə qarşı mübarizənin təşkilatçısına çevrilən və qara camaatı Yaradıcının xidmətində durmağa çağıran fövqəltəbii gücə malik məxluqlar əyləşirlər.
«Dədə Qorqud»da isə tamamilə başqa mənzərənin şahidi oluruq. 24 tayfanın (eposun «Qazlıq qoca oğlu Yeynək boyu»nda Bayandır xanın əmrində deyilir: «İyirmi dörd vilayətin bəyləri gəlsin!» - Bax: Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 193. Yaxud «Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da ozan Dəli Dondazın 24 oğuz boyunu tə‘rif edib oxşaması barədə mə‘lumat verilir, - Yenə orada. s. 175) birliyindən yaranan qalın oğuz elində xanlar xanı Bayandır xan sabitliyin qarantı funksiyasını daşısa da, hər vilayətin özünün bəyi və xüsusi idarəçilik sistemi nəzərə çarpdırılır.
Bir cəhət maraqlıdır ki, eposda ölkə iki qanada - İç oğuza (Üç ox) və Dış/Daş (Boz ox) oğuza bölünür. Lakin hakimiyyət bölgüsü ümumoğuz mifoloji təsəvvüründəki kosmoloji strukturdan fərqli şəkildə aparılır. Yəni idarəçilik Boz oxların deyil, Üç oxların (Oğuzun adadakı ağac koğuşunda rastlaşdığı gözəl qadından dünyaya gələn oğlanları – Göy xan, Dəniz xan və Dağ xanın törəmələrinin) əlindədir. Oğuzun oğlanları Gün xan, Ay xan və Ulduz xan göy işıq zolağı ilə göydən enən qadının bətnində yetişirlər. Atalarının vəsiyyətinə görə, bu üç qardaşın tapdığı qızıl yay aralarında üç hissəyə bölünür, ona görə də onların nəslinin davamçılarına pozuq/bozuq/boz oxlar deyirlər. Əsatirə əsasən, bölünmüş yayın hissələri bir-birinə birləşməklə sehirli gücünü əldə edir və oxların sərrast atılmasına şərait yaranır. Bu mə‘nada bozoxlar hakimiyyət strukturunda üçoxlardan üstün göstərilirlər. Ümumilikdə götürdükdə bu ona işarədir ki, qardaşlar heç zaman bir-birindən ayrı düşməməli, parçalanmamalıdırlar. Əks halda güclərini itirib düşmən tərəfindən yeniləcəklər (Sxemə bax).
Eposda türkün ilkin kosmoloji bölgüsünün yerdəyişmə şəklində təqdimi tarixi gerçəkliklə üst-üstə düşür. Çünki Azərbaycan türklərinin etnik tərkibində üçoxlar (bayandır, bayat, salur və s.) üstünlük təşkil etdiyindən idarəçiliyi öz əllərində cəmləşdirmiş (məsələn, məhşur ağqoyunlu hökmdarı Uzun Həsən bayandur soyundan idi), şifahi və yazılı oğuznamələrdə dəyişiklik etməklə ilkin kosmoloji dünya modelini oğuzların Qafqazdakı və Yaxın Şərqdəki durumuna uyğunlaşdırmışdılar. Bu hal getdikcə «Dədə Qorqud»da mətn strukturunun daxili qanunauyğunluğuna çevrilib boyları digər oğuznamələrdən əsaslı şəkildə ayırmışdır.
Hiss olunur ki, Bayandır xan oğuzun iki qolu arasındakı fərqlərdən doğa biləcək ölkədaxili çəkişmələrin aradan qaldırılmasında Dədə Qorqud, Qazlıq Qoca kimi bilicilərin köməyinə arxalanır və hakimiyyəti müddətində böyük uğurlar qazanır. Ola bilsin ki, Bayandır xanın təşəbbüsü ilə İç oğuzlu Ulaş xan (Salur Qazanın atası) Dış oğuzlu «doqquz tayfanın başçısı» Alp Aruzun bacısı ilə evlənmişdi, eləcə də Dədə Qorqudun elçiliyi ilə İç oğuzlu Bamsı Beyrək Dış oğuzun sayılan bəyi Baybicanın qızını almışdı. Lakin ozanlar bu qohumluqların sürüşkənliyinə də boylarda işarə edirlər. Dış oğuzlular bəzən başqa əqidəli (xristian, yaxud bütpərəst) qonşu soydaşları ilə (əsasən qıpçaqlarla) gizlin danışıqlar aparırdılar. Məsələn, Baybican Bamsı Beyrəklə göbəkkəsmə nişanlanmış qızı Banı Çiçəyi Bayburd hakiminə ərə vermək niyyətini gizlətmirdi. İki gəncin saf məhəbbətinə həsr olunan boyda açıq-aydın göstərilir ki, «oğuz zamanında evlənən hər igid ox atardı. Oxu düşən yerdə gəlin otağı qurardı. Beyrək xan da oxunu atdı, oxu sancılan yerdə otağını qurdurdu…Yarımasın kafirin cəsusu, bunları görüb, getdi Bayburd hasarının bəyinə xəbər verdi. Dedi: «Nə oturmusan, sultanım, Baybican bəy o sənə verəciyi qızı Beyrəyə verdi. Bu gecə gəlin gedəcəkdir». (Kitabi-Dədə Qorqud, s. 155). Göründüyü kimi, bayburdlular türk olsalar da, kafir sayılırdılar. Ona görə ki, başqa məhzəbdən idilər. Buna baxmayaraq mə‘lumatdan belə çıxır ki, Baybican bəylə sultan arasında gizlin danışıq aparılmışdır. Dış oğuzun bəyi hətta öz qızını Bayburd hökmdarına ərə verəcəyini də dilindən çıxarmışdı. Bəlkə də bu səbəbdən Dəli Qarcar bacısının öz göbəkkəsmə nişanlanlısı Beyrəklə - İç oğuz igidi ilə evlənməsinə qarşı qəribə şərtlər irəli sürmüşdü. Dədə Qorqudun elçi sifəti ilə işə qarışması Baybicanın sultanla «gizli sazişi»ni pozmuşdur. Yoxsa cəsus cəsarət edib hökmdarı qızışdıran xəbəri çatdırmazdı.
Beləliklə, İç oğuzla Dış oğuzun müharibəsini təsadüfi saymaq olmaz. Hər halda eposda son boydakı narazılıqdan daha kəskin qarşıdurmalarla, ziddiyyətlərlə əvvəlki müstəqil süjetlərdə də rast gəlirik. Dirsə xan Bayandır xan tərəfindən təhqir olunduğunu zənn edib (övladsızlığına görə qara otaqda yerləşdirilir) onun məclisini tərk edir. Boyda rastlaşdığımız Oğuz mifik dünya modelinin üçqatlı stukturunun üç rəngli çadırlarla (otaqlarla) kodlaşdırılan variantının əsasında həyat-ölüm, insan və onun dünyaya gəlməsi durur. İlk boyun hadisələrini yada salsaq, görərik ki, türkün ilkin dünyagörüşünə görə, kainatın bütövlüyü üç rəngli çadırla rəmzləşir: ağ - kişi, qırmızı - qadın və qara – yoxluq anlamında başa düşülür. Bu üçlük əzəli dünyaqurmada üç əsas funksiyanın daşıyıcısı olur: yaratmaq, törəmək və aradan qaldırmaq.
Ağ – işıq – od – günəş – kişi – əbədi yaşarlıq - yuxarı qatın işarəsidir, müsbətdir və xeyiri təmsil edir. Dünyanı formalaşdıran dörd mühüm elementdən (su, od, torpaq, hava) ikincisidir.
Qırmızı ikili xüsusiyyətə malikdir – torpaq – yersu – məkan – yurd – törəyən - qadın və orta qatdır. Mənfi qütbdür, öz daxilində daim xeyir şərlə mübarizə aparır. Çox hallarda birinci ikincini üstələyir.
İki əks elementin birliyindən (izdivacından) dünyadakı varlıqlar doğulur.
Qara – cəhənnəm – zülmət – yoxluq – ölüm – şər və aşağı qatdır. Ağla qırmızının əbədi rəqibidir.
Birinci boyun mətn strukturunda dinamiklik və qarşıdurmanın əsası mifoloji modelə uyğun olaraq aşağıdakı şəkildə qoyulub inkişaf etdirilir:
[A☼ + B±] ←V◙
Göründüyü kimi, eposun başlanğıcında təsviri verilən üç çadır (otaq) təqdim etdiyimiz struktura tam uyğundur: orada da varlıqları (xüsusilə canlıları) yaradan qüvvənin bir başında kişi durur. Bu, mətndə oğulluların ağ otaqda yerləşdirilməsi şəklində gerçək həyatla uyğunlaşdırılır. Çünki mifoloji strukturda Yuxarı qatdakı Günəş Atanın, yaxud Göy tanrının simvolu – işıq, aydınlıq və ağ rəngdir. Varlıqları (xüsusilə canlıları) yaradan qüvvənin əks tərəfi isə qadına məxsusdur və boyda qızı olanların qırmızı otağa dəvəti kimi reallıq forması alır. Çünki mifoloji strukturda təbiəti doğan ana torpaq, Yer üzü – qırmızı rənglə işarələnir.
Bir-birini özünə çəkən iki əks (müsbət-mənfi, kişi-qadın) qütblər əslində ikili dünyanın (varlıqla-yoxluq, olumla-ölüm, işıqla-qaranlıq) bir tərəfini – doğumu (törəyişi, meydana gəlməni) şərtləndirir. Lakin kişi-qadın ikiliyinə tamamilə zidd olan üçüncü tərəf də mövcuddur. Bu, yoxluq (eposda övladsızlıq), üzüqaralıq şəklində kodlaşdırılan qara rəngdir. Xalq arasında «boyun yerə soxulması», «yerə girmək» deyimi ilə nitq faktoruna çevrilib yeraltı aləmlə əlaqəni əks etdirir (eposda qara otaq). Əslində Bayandır xanla Dirsə xan qarşıdurması dərin qatlardakı, daha doğrusu, mətn altındakı Göy tanrı ilə Yerlik xan arasındakı ziddiyyətin analoqudur. Bu inciklik də müharibə ilə nəticələnə bilərdi. Ancaq kişinin «başının baxtı»nın, «evinin taxtı»nın – qadının (orta qatın) ağıllı məsləhəti hadisəni sovuşdura bilir. Yəni şaquli istiqamətli üçlüyün alt – qaranlıq qatı orta – qırmızını özünə tərəf çəkməyi bacarmır. Üçqatlı strukturlarda orta qat əksər hallarda vasitəçi və tənzimləyici rolunu oynayır, bəzən isə «şərin qılverəninə» çevrilir. Orta qatın (eposda qadının) yuxarı işıqlı ağ göylə (eposda Bayandır xanla) əlaqələri qırmamaq təşəbbüsü hadisələri xeyrə aparıb çıxarır. Əks halda onun aşağı qaranlıq qaraya üz tutması şərə meydan açardı. Eləcə də Bəkilin Bayandır xandan və Qazan bəydən üz döndərməsi motivi mifoloji strukturdakı elementin yerninin səhv düşməsi ilə səsləşir. Adi hal təsiri bağışlayan narazılıqla etnosdaxili toqquşmaya zəmin yaranır. Bəkilin hünərinin özündə olması, yoxsa atın məharəti ilə bağlanması mübahisəsi əslində yurddan üz döndərib yad diyarlarda məskunlaşmaq istəyini yaratsa da, gerçəkləşdirilə bilməzdi. Çünki köklə bağlanan xətlərin kəsilməsinə zəmin hazırlanmırdı. Sadəcə olaraq bir varlığın öz içərisindəki ikiliyin üz-üzə gəlməsi hadisəsi baş vermişdi. Bu səbəbdən də qarşıdurma dərinləşib qardaş qırğını ilə nəticələnmir və burada da «qırmızının» - qadının müdrikliyi və ağın - Bayandır xanın səbri sayəsində hadisələr barışla yekunlaşır.
İlk olaraq belə bir sual doğur: elə isə sonuncu boydakı narazılığın qanlı müharəbəyə çevrilməsinin səbəbi nə idi? Onu aradan qaldırmaq mümkün deyildimi? Qalın oğuzun gözü Bamsı Beyrəyə qıyan Dış oğuzların məqsədi təkcə var-dövlətdən pay ummaları idimi? Nə səbəbə hadisələr birdən-birə yönünü böyük sür‘ətlə elə dəyişir ki, Alp Aruz bacısı oğluna düşmən kəsilir, hər an Qazan üçün başından keçməyə hazır olan Bəkdüz Əmən, dar günündə Qazanın böyründə qılınc çalan Alp Rüstəm üzü dönük çıxır? Ona görə ki, əvvəlki boylarda sabitliyin qarantı kimi çıxış edən üç cəhəti - Bayandır xan, məsləhətçi qadınlar və Dədə Qorqud sonuncu boyda görünmür. Mifoloji struktura görə bu dünyagörüşündə dəyişikliyə işarədir, yə‘ni etnosun daxilində bir qanad artıq işığa və göylə yerin birliyinə (Göy tanrı və Ana torpağa) inamdan üz döndərmək istəyir. Diqqət etdikdə, müharibənin toxumlarının içəridən səpildiyi aydınlaşır. Qardaş qırğınına səbəb dədə-baba adətlərinin pozulması göstərilsə də, tamamilə özgə zəmin üzərində baş verir. Doğrudür, boyun əvvəlində ozanlar qarşıdurmanın toxumlarının Qazanın evinin talan edillməsi törənində Dış oğuzluların iştirak etməməsi ilə səpildiyini bildirirlər və eposa həsr olunan əksər tədqiqat əsərlərində Qazanın qoyduğu yeni ənənənin böyük əhəmiyyətindən, qeyri-adiliyindən bəhs açırlar. Əslində isə «evin talanması»nda heç bir qeyri-adilik yoxdur və Bayandır xanın idarəçiliyində sınaqdan çıxarılmış elin ildə bir kərə məclis düzənləməsi, bəylərin orada gördüyü işlərə görə yer və pay alması adətini daha qədimlərdə tətbiq edilən «evi yağmalatma» ilə əvəzləmək ancaq uğursuzluq gətirir, Qalın oğuzun birliyini laxladır. Bu, daha mütəşəkkil dünyagörüşündən üz döndərib primitiv, daha doğrusu, barbar inama qayıtmaq meyli idi. Təzə tikilmiş sarayın taxtalarını köhnə mıxla pərçimləməyə bənzəyirdi. Müqayisə edək: Bayandır xan ildə bir dəfə qalın oğuz bəylərini məclisinə çağırırdı. Burada hərənin öz yeri vardı və o yeri öz işi və əməli ilə qazanmışdı. «Uluş qoca oğlu Səyrək boyu»nda bir epizoda diqqət yetirək: «Xanım, yenə Əyrək bəyləri qoyub yuxarı başa keçəndə Tərsuzamış deyilən bir öküz igidi dedi: «Ay Uşun qocanın oğlu, bu oturan bəylər hər biri oturduğu yeri qılıncı ilə, çörəyi ilə alıblar. Əyə, sən başmı kəsdin, qanmı tökdün, acmı doydurdun, yalın adammı geyindirdin?» (Kitabi-Dədə Qorqud, s. 208). Oğuz elində ad-san qazanmaq üçün iki şərt vacib sayılırdı: torpağı yadlardan qorumağı bacarmaq və kimsəsizlərə, köməksizlərə əl tutmaq.
Burada Əyrək, ilk növbədə, ona e‘tiraz etməli idi ki, Tərsuzamış onun adını çəkmirdi, hərəkətlərinə Uşun qocaya görə göz yumulduğunu bildirirdi. İkincisi, məhz Bayandır xanın hakimiyyət strukturunda ancaq iki cəhətə görə başa keçmək – vəzifə almaq mümkün idi: düşmənin gözünün odunu yeməklə və kəsıblara səxavət göstərməklə. Bəs hakimiyyət Qazan bəyə çatandan sonra o, Qalın oğuzu hansı prinsiplərlə idarə etməyə başlayır? Qazan bəy Bayandır xanın yolunu davam etdirmir, onun idarəçilikdəki uğurlu prinsiplərindən üz döndərir. İlk baxışda orijinal görünən, ancaq barbar bir adətlə öz xanlığını təsdiqləməyə çalışır. «Üç ox və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini talan elətdirər, şey-şüyünü bölüşdürərdi» (Kitabi-Dədə Qorqud, s. 221).
Müəllif: Ramazan Qafarlı
Publikasiya: “Ərən” qəzeti, sayı 18, 26 sentyabr 1999, s. 2.
__________________
“Kün tuğ bolgıl, kök kurıkan!”
"Güneş bayrağımız olsun; gök de çadırımız!"
"The Sun shall be our Flag;The Sky shall be our Tent!"
03-07-2008 #2
Temujin
Join Date: Jul 2007
Location: Gencə
Posts: 869 İç Oğuzla Dış Oğuzun savaşının səbəbi
İç Oğuzla Dış Oğuzun savaşının səbəbi (ikinci məqalə)
Epos boyu İç oğuz və Dış oğuz adıyla işlənən tayfa birliyinin mifik bölgü ilə verilməsi (Üç ox və Boz ox) göstərir ki, «yağmalanma» adətini Qazan bəy «icad» etməmişdi, qədim dövrlərdə daha çox ömrünü at üstündə keçirən, yurddan yurda yürüşlər edən köçəri türklərin başçıları topladıqları qənimətlər yığılan çadırı talan etdirməklə, döyüşçülərini özlərinə bağlayar, gələcək yürüşlərə ruhlandırardılar. Lakin oturaq həyata keçəndən sonra ocağın, evin hər daşı türk üçün müqəddəs sayılmış və bu halda Bayandır xanın məclis çağırması, hərəyə bir il ərzində ölkənin tərəqqisi üçün gördüyü işlərə görə mükafatlar verməsi yeni idarəçilik üsuluna keçiddən xəbər verirdi.
Deyilənlərdən belə nəticə çıxır ki, sonuncu boyda Bayandır xan dünyadan köçmüşdü. Onun yerini tutmağa çalışan Qazan bəy igidliyi ilə ad-san qazansa da, Qalın oğuz elinin bir qanadının qanını bədənindən daşısa da, siyasətdə hələ naşı idi. Bayandır xanın qoyduğu prinsipləri uğurla davam etdirmək əvəzinə, təkcə ətrafındakılara – yaxınlarına yarınmaqla köhnə ənənəyə qayıtmağa can atırdı. Divanına Dədə Qorqud sayaq müdrikləri toplamaqdansa, oda su töküb söndürənləri deyil, bir az da qalayanları çağırır və İç oğuz bəyləri ilə Dış oğuz bəyləri arasında ayrıseçkilik yaranmasına şərait yaradır. Hakimiyyətdə həmişə ağlına, bacarığına və igidliyinə görə öz ətrafında yer verən Bayandır xanın əksinə olaraq, o, böyür-başındakı kütbeyinlərin tə‘kidi ilə evinin talanmasını Dış oğuz bəyləri olmayan vaxtda keçirir. Doğrudur, boyda Qazanın bir dəfə də olsun xan kimi təqdiminə rast gəlmirik. Əksinə, talanma adəti təsvir olunan epizodlarda o, heç bəy kimi də təqdim edilmir, sadəcə Qazan adıyla hadisələrin mərkəzində durur. Xanlar xanı Bayandır isə heç bir boyda «xansız» nəzərə çatdırılmır. Ola bilsin ki, hələ Qalın oğuz elinin qurultayında onun varisliyi (Bayandır xanın oğlu olmadığına görə el ağsaqqallarının razılı ilə hakimiyyətə kürəkəni keçə bilərdi) – xanlığı təsdiqlənməmişdi. Ona görə də «doqquz tayfanın başçısı» Alp Aruzun da iştahından hakimiyyəti ələ almaq keçirdi. Əvvəlki boylara görə, bu vəzifəni tutmağa daha çox Qazanın mə‘nəvi haqqı çatır. Ona görə ki, Bayandır xanın yeganə övladı – varisi Burla xatunla ailə qurmuşdu, döyüş uğurları ilə də bütün bəylərdən seçilmişdi. Lakin oğuzlarda hakmimimyyətin atadan oğula, yaxud qıza keçməsi şərti xarakter daşıyırdı. Əsas o idi ki, varis övlad qabiliyyəti, ədaləti və ağlı ilə həmin vəzifəni tutmağa layiq olsun. Qazan özü də bunu yaxşı bilirdi. Bu səbəbdən də boyların birində oğlunun yetkinlik yaşına çatmasına baxmayaraq, şücaət göstərməməsindən bərk narahatçılıq keçirirdi: «Sabahkı gün vaxt gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən sənə verməzlər,- deyə sonumu andım, oğul! - deyirdi». (Kitabi-Dədə Qorqud, s. 167).
Bütün bunlar onun sərkərdəliyindən irəli gəlirdi. Qazan bəy, ilk növbədə, döyüşçü – baş kəsən, qan tökən, qalalar alan stratek idi. O, düşməni yerdən qalxan tozdan tanıyırdı. Lakin dövlət idarəçiliyində döyüş meydanlarında olduğu qədər usta deyildi.
İkincisi, sual doğur: İç oğuza «talanda iştirak etmədikləri» üçün Dış oğuz dönük çıxanda Dədə Qorqud hardaydı? Oğuzun ən ağır çağlarında meydana atılıb ağlın köməyi ilə yardım edən Dədə Qorquddamı dünyadan köçmüşdü? Ancaq onun boyun sonunda gəlib hadisələrə boy bağlaması adamda çaş-başlıq yaradır. Burada iki hal ola bilər. Birinci, hər boyun sonunda görünüb boy boylayan, soy soylayan Dədə Qorqudla dastanda igidlərə ad qoyan, Beyrəyə elçilik edən, Təpəgözlə danışıqlar aparan qeyri-adi obraz eyni deyil. Ola bilsin ki, mifik mədəni qəhrəman kimi tanınan Qorqudla bir sırada oğuzlar arasında Məhəmməd peybəmbərin dövründə həmin adı özünə götürən məşhur bir ozan yaşayıb və qədim xalq söyləmələri əsasında oğuznamələr yaradıb. Sonralar katiblər onları şifahi nitqdən toplayıb yazıya alanda oğuznamə söyləyicisi ilə eposun mifoloji qəhrəmanını eyniləşdirmişlər. Əgər bu fərziyyəyə inansaq, deməli, dar gündə oğuzun yol göstərəni Dədə Qorqud da sonuncu boyda ya dünyasını dəyişmiş, ya da Qazanın yeni idarəçiliyindən incik düşmüşdü. Əksinə, yə‘ni boyun sonunda boy boylayan Dədə Qorqudla dastanın personajı kimi çıxış edən Dədə Qorqudun eyni olduğunu zənn etsək, belə çıxır ki, o, Qazan tərəfindən sayılmadığından idarəçilikdə məsləhətçi funksiyasını itirib kənarlaşmışdır. Sözün kəsəri, qiyməti olmayan məmləkətdə, əlbəttə, Dədə Qorqudlara da yer yox idi.
Üçüncüsü, bəs ən ağır çağlarında ərinin qəzəbini soyudan, oda su tökən tədbirli qadınlar (elə götürək Burla xatunu) nə səbəbə bu boyda işə qarışıb qan tökülməsinin qarşısını almırlar? Çünki Qazan üçün öz anasından başqa yerdə qalan arvadların dəyəri yox idi. O, Burla xatunu atasının sağlığında Dirsə xan və Bəkil kimi «başım baxtı, evin taxtı» saysa da, hakimiyyəti ələ keçirəndən sonra «arvad sözü ilə oturub-durmağı» igidliyinə sığışdırmamışdı. Təsadüfi deyil ki, Qazan ikinci boyda asanlıqla anasından başqa hər şeyinin (hətta arvadının və oğlunun da) düşmən əlinə keçməsi ilə razılaşır. Bu halda o, türkün ilkin kosmoloji təsəvvüründəki mifik dünya modelinin iki qatından (oğullu – ağ – yuxarı və qadınlı, qırmızı - orta) imtina etmiş və bununla kökdən ayrılmaq təşəbbüsünü göstərmiş olurdu. Deməli, o, Burla xatunun da məsləhətinə ehtiyac duymadığından arvadının dövlət işlərinə qarışmasına yasaq qoymuşdu.
Dördüncüsü, Bayandır xanın sağlığında Qazanın sağında həmişə qardaşı Qaragünə oturardı. O, dar ayaqda ona üz tutardı, sözünü, təklifini dinlərdi. Qazan kürəkəni Qarabudağın, oğlu Uruzun da sözündən çıxmazdı. Ötən çağlarda Qazanın ətrafında soyunun ən seçmə bəyləri toplaşardı. Bəs Qazan «evini yağmaladandan» - pay bölüşdürəndən sonra kimlərin tə‘siri altındaydı və dövlət idarəçiliyində hansı nöqsanlara yol vermişdi? Dış oğuz bəylərinin onun divanına gəlmədiyini gördükdə əvvəlki kimi nə arvadı Burla xatuna, nə də qardaşı Qaragünəyə üz tutur. Oğuzda «Qılbaş deərlər bir kişi vardı. Qazan aydır: «Mərə Qılbaş, bu Taş Oğuz bəgləri daim (xanım) bilə gəlürlərdi. Şimdi neçün gəlmədilər?» – dedi. Qılbaş aydır: «Bilməzmisən neçün gəlmədilər? Evin yığmalatdığın dəm Taş Oğuz bilə bulınmadı, səbəb odur», - dedi. Qazan aydır: «Ədavət bağladılar, həmi?» – dedi. Qılbaş aydır: «Xanım, mən varayın, onların dostlığın -düşmənligin biləyin», - dedi. Qazan aydır: «Sən bilürsən, var!» – dedi» (Kitabi-Dədə Qorqud, s. 123).
Bu dialoqla mənzərə tam aydınlaşır. Birincisi, demə, Qazan son boyadək nəsli-kökü bəlli olmayan bir kişinin məsləhətləri ilə durub-otururmuh. İkincisi, dayısının narazı qaldığını hiss edəndə Alp Apuza tay adamı – Qaragünəni, yaxud oğlu Uruzu minnətə göndərməyi ağlına belə gətirmir. Əksinə, hər işdə təmkimli, səbirli olan Qazan burada baş verənlərin səbəbini öyrənmədən barmaq hədəsinə keçir, Qılbaşın gedib yerində nə olduğunu bilmək təklifini də əhəmiyyətsiz sayır, «özün bilərsən» deyir, yə’ni istəyirsən get, istəmirsən getmə. Dövlət başçısı ölkənin bir qanadının incik düşməsinə belə laqeyd yanaşmamalıydı.
Və Qılbaş incikliyi aradan qaldırmaq əvəzinə bir qədər də dərinləşdirir, sanki iki qardaş tayfa arasında nifaq salmaq tədbirlərini məharətlə həyata keçirir. Əvvəl hiylə işlədərək (yalan danışaraq) Alp Aruzu Qazanın yardıma çağırdığını bildirir. Guya onun evini kafirlər çapıb-talamışlar, qız-gəlinləri əsir aparmışlar. Bunun hiylə olduğunu duyduğu üçün Alp Aruz sərt cavab verir: «Biz Qazana düşmənik!» İlk baxışda bacısı oğlunun dar ayaqda ondan kömək istəməsini e’tirazla qarşılaması təəccüb doğurur. Lakin Alp Aruz Qazanı hamıdan yaxşı tanıyırdı. O, anlayırdı ki, başında bəla olanda belə heç kəsdən kömək ummayıb təkbaşına həll edən Qazan onu ələ salırdı? Bir tərəfdən paybölüşdürəndə saya salmayıb, o biri tərəfdən də taxt-taca sahib duran kimi Oğuzun ən müqəddəs adətlərinə arxa çevirirdi – elini, gününü düşmən əlinə verib imdad diləyirdi. Bax, bu idi Alp Aruzu qəzəbləndirən və Qılbaşa sərt cavab verməyə vadar edən.
Hadisələrin gedişində Qılbaşın qızışdırıcılıq rolunu təsdiqləyən bir epizodu görməmək mümkün deyil. Bamsı Beyrəyin ölümündən sonra otağına çəkilib divana çıxmayan Qazanı qardaşı Qaragünə əvvəl oyatmağa cəsarət etmir. «Bəglər yığıldı, divana gəldi. Qazanın qardaşı Qaragünə aydır: «Qılbaş, var, ayıt, ağam Qazan gəlsün-çıqsun, bir yigid sənin ucından aramızdan əksildi. Həm vəsiyyət eyləmiş, «Mənim qanım qoymayasan, alasan» demiş. Varalım, düşməni haqlıyalüm, di!» – dedi. Qılbaş aydır: «Sən qarındaşısan, sən var!» – dedi. Əlhasil, ikisi bilə vardılar. Qazanın odasına girdilər.” (Kitabi-Dədə Qorqud, s. 125-126).
Maraqlıdır, Alp Aruzun yanına getməyə sözsüz hazır olduğunu nümayiş etdirən Qılbaş burada Qaragünəyə e’tirazını bildirir. Bəhanəsi də o olur ki, sən qardaşısan, özün get. Sual doğur: bəs nə səbəbə Qılbaş dayı – bacı oğlu arasında qarşıdurmanın toxumları səpiləndə indikindən də ağır işə Qaragünənin qarışmasını istəmirdi? Ona görə ki, düşmənçiliyin toxumunu özü səpmişdi, onda üstünə su töküb kök atdırmaq lazım gəlirdi. Qaragünə təsadüfi olaraq «bir yigid sənin ucından aramızdan əksildi» ittihamını irəli sürmür. Çünki onun Beyrəyin ölümündə ağası Qazanı günahladırmağa mə’nəvi haqqı çatmırdı (böyük qardaş atanı əvəzləyirdi). Məhz Qılbaşın üzünə demək istəyirdi ki, aranı qızışdırıb Beyrəyin ölümünə bais olduğun işi axıra çatdır. Qaragünənin acı istehzasını duyduğundan Qılbaş da e’tirazını bildirib «qarındaşısan, sən var!» deyir. Ən acınacaqlısı o idi ki, Qılbaş bir el arasında düşmənçilik toxumu səpmək funksiyasını yerinə yetirib yoxa çıxır. O, sanki aşağı qaranlıq qara aləmin funksiyasını yerinə yetirir. Ozanlar süjetdə məsələni elə incəliklə vermişlər ki, heç kəs Qılbaşa bəraət qazandıra bilməz. Sonuncu döyüşdə Dış oğuzun bəyləri İç oğuzdan özlərinə tay olan igidlə qarşı-qaşıya gəlib vuruşurlar:
İÇ OXLULAR ↔ BOZ OXLULAR
Qazan ← Alp Aruz.
Qaragünə → Alp Aruz.
Tərsuzamış ← Əmən.
Ənsə qoca oğlu Oxcu ← Alp Rüstəm.
Eposda oxuyuruq: «Üç oq, Boz oq qarşulaşdılar. Aruz aydır: «Mənim İç Oğuzda qırımım Qazan olsun!» Əmən aydır: «Mənim qırımım Tərsuzamış olsun!» Alp Rüstəm Aydır: «Mənim qırımım Ənsə qoca oğlı Oqcı olsun!» – dedi. Hər biri bir qırım gözətdi». (Kitabi-Dədə Qorqud, s. 126).
Xatırladaq ki, qarşıdurmanın başlanğıcında əks cütləşmənin sayı bir idi: Qazan &;harr; Alp Aruz. Sonra artaraq Qılbaş ↔ Alp Aruz, Qılbaş → Boz oxlar, Qazan ↔ Boz oxlar, Bamsı Beyrək ← Boz oxlar toqquşmasına çevrilir, qarşılıqlı güzəştlər edilmədiyindən Beyrək qətlə yetirilir və düşmənçilik toxumları cücərib Üçoxlar ← Boz oxlar şəklinə çatır. Və nədənsə, əvvəlki hadisələrin mərkəzində duran Qılbaş son həledici döyüşdə görünmür və bir daha xatırlanmır. Qarşıdurmanın kulminasiyasınadək aktiv təsvir edilən müəmmalı şəxsin son məqamda passivləşməsinin, daha dəqiq desək, ozanlar tərəfindən üstündən xətt çəkilməsinin səbəbi nədədir? Bu, onün özünün xəyanəti və aradan çıxması tək izah oluna bilər.
Alp Aruzu enib yerə sərən Qazan da bu səbəbdən qılverəni Qılbaşa deyil, qardaşı Qaragünəyə işarət edir ki: «Başını kəs!».
Qalın oğuzu içəridən dağıdan şəxs, nədənsə, əvvəlki boylarda igidliyi və mərdliyi ilə hamıdan seçilən Alp Aruz hesab edilir. O, cəzalanmaqla da şər aradan qalxır. Belə çıxır ki, bütün günahlar oğuza kənar dünyadan gəlib nə yollasa başa keçən «qara çadırın sakini» Qılbaşda deyilmiş, onun hiylələrinə uyub Beyrəyin qanını tökən Aruzda imiş. Məsələ onda idi ki, Dış oğuzun doqquz bəyinin başçısı üzdə ulu əcdadı Oğuzun vəsiyyətini yerinə yetirməyə çalışmaqla ancaq öz şəxsi marağını güdmüş, qardaş qanı tökməklə də olsa, taxt-taca sahib durmaq istəmişdi. Əslində, o, Oğuzun tövsiyələrinə əməl etməmiş, elin birliyini pozmağa can atmışdı. Daha dəqiq desək, Boz oxların əvvəlki nüfuzunu qaytarmaq üçün oğuz soylarını birləşdirməyə deyil, parçalamağa səy göstərmişdi.
Beləliklə, Oğuzun özü tərəfindən vəsiyyət edilən hakimiyyət bölgüsünün pozulması və bərpası uğrunda mübarizə kimi bünövrəsi qoyulan motiv sonrakı çağlarda «paybölüşdürmə»də iştirak etməməyə görə asi düşmə şəklinə salınmış, tanrı qarşısında içilən andı pozanın cəzalandırılması (Bamsı Beyrək əsirlikdə bakirə bəy qızı qaşısında and içir ki, əgər gəlib səni halallıqla almasam, qılıncıma doğranım, oxuma sacılım, torpaq yarılsın, içinə girim… lakin o, andına əməl etmir. Buna görə də tanrının qəzəbinə gəlib cəzalandırılır, andında dediyi şəkildə öz elinin qılıncı ilə doğranır) motivinin nəticə hissəsi də sonuncu boyun içərisində əridilmişdir, daha doğrusu, ictimai don geyindirilərək təqdim edilmişdi.
Dədə Qorqudun dərslərini, tövsiyələrini və vəsiyyətini bu gün də, sabah da sırğa edib qulaqlardan asmalıyıq. Yoxsa içimizdən yeyiləcək, parçalana-parçalana, bölgələşə-bölgələşə torpaqlarımızı ata-babalarımızın qəbri ilə birlikdə düşmən tapdağına çevirəcəyik. Ulu əcdad yaxşı bilirdi ki, dünya malı qardaşı qardaşa qarşı qoymağa qadirdir, ona görə də soydaşlarını inamdan dönməməyə – kökdən ayrılıb uzaq düşməməyə çağırırdı:
Allah səni namərdə möhtac etməsin!
Əvvəl - axır uzun ömrün sonu ölümdür!
Ölüm gəldikdə
allah sizi təmiz inamdan ayırmasın!
SON

"The Sun shall be our Flag;The Sky shall be our Tent
Miflər
folklor
May 19, 2008 15:57
Baxış sayı: 53
Şərhlər(0)