Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 34
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 222
  • Ümumi hit: 15565

Müxtəlif

Günəş Ata

Günəş Ata
Müəllif: Ramazan Qafarlı

Azərbaycanlıların günqəş tutulması adətləri ilə üst-üstə düşən bir söyləməyə görə, «Güneş varken yağmur yağarsa deyiklerin yavru doğurduğuna, şeytaların dügün yapdığına inanılır». Qədim bir türk inancında deyilir ki, «Ayın güneşle arz arasına girerek neşrine mani olmasına küsüf (güneş tutulması) denir. Ay tutulmasına da hüsüf denir. Eskiden güneş tutulunca bunu allahın bir qəzəbi bilerek camilere koşarlar, gesingeye kadar ibadet ve dualarda bulunarlar. Tutulmuş güneşe bakmak uğurlu sayılmaz; göze zarar veregeine, bakanın akibetininin iyi olmayacağına itikad olunar; bakmak isteyenlere de rengli çıra işikle karartılmış bir cam ardından bakarlar» [344, 182]. Ulu əcdad üçün Günəşin tutulması dünyanın sonu tək xarakterizə edilirdi: insanlar yer üzündə o qədər şər işlər yerinə yetirmişdilər ki, tanrı Günəş Ata onlardan üz döndərmişdi. Böyük, kiçik – hamı evlərin damına, təpələrə qalxıb dizi üstə ourar, əllərini göyə qaldırıb yalvarardılar ki, «Günəş Ata bizi tək qoyma!..»ё
Azərbaycanla bağlı E.B.Taylorun qənaətlərinə görə, günəşpərəstlikdə Günəşin mövqeyi təxminən su kultunda dənizin daşıdığı rola bərabərdir. Günəş təbiət allahları arasında güc və şöhrətinə görə hər yanı tutan Göydən təkcə kosmik varlıq olması ilə deyil, həm də torpağın, canlıların xidmətində durması, allahlığını canlı şəkildə «nümayiş etdir»məsi ilə seçilir. «İbtidai mədəniyyət» (1871) kitabında göstərilir ki, «Massagetlər, Tatariyadakı (Azərbaycanı belə adlandırır) günəşpərəstlər onları qışın dəhşətlərindən qurtardığı üçün öz atlarını tanrıları Günəşə qurban kəsirdilər» [293, 411-412]. Kir kimi cahandar İran hökmdarını məğlub edən Tomirisin tayfası - massagetlər Arazın şimalında, Xəzər dənizinin sahillərində yaşayırdılar. Ulu əcdad üçün at şirin canından da əziz sayılırdı. Lakin təbiətə tapındıqlarından onu Günəş tanrısına bağışlayırdılar ki, uzaq yerlərdən daha tez keçib Azərbaycanın göylərində görünsün. Qeyd edək ki, E.Taylorun məlumatı Herodotun «Tarix» kitabından götürülmüşdür. Mətndəki «Tatariya» sözünün massagetlərlə və Qafqazla əlaqələndirilməsi təəccüb doğurmamalıdır. XIX yüzilliyə aid rus mətbuatında da Azərbaycanda yaşayan türklərin «tatar», ölkənin isə «Tatariya» adlandırılmasına rast gəlirik. Qafqazfın türk dilli əhalisindən rus ziyalılarının topladığı folklor və etnoqrafik materiallar da «Tatarskie iqı», «Tatarskie detskie pesni» kimi başlıqlarla çap olunurdu. «Koroğlu» da ilk nəşrlərində (1840/42) «tatar eposu» sayılırdı. Vurğulamaq lazımdır ki, əvvəlki yüzilliklərdə də Azərbaycan türklərini bəzən «tatar» kimi təqdim edirdilər. Məsələn, XIV-XV əsrlərdə üzü köçürülmüş «Kitabi-Dədə Qorqud» oğüznaməsinin Drezden nüsxəsinin IV boyunda oğuzların baş sərkərdəsi Salur Qazanın oğlu Uruz bəyi ələ keçirərkən kafirlər deyirlər ki:
«Qarı düşmən - tatar oğlu əlimizə girmişkən cəzailə öldürəlim» [59, 349].

X boyda isə Qazan özü əsir düşərkən quyuya salınır, Düşmən təkurunun arvadı ölmüş qızının yer altında oğuz bəyi tərəfindən minib çapılmaması üçün ərindən xahiş edir ki,
«Kərəm eylə, ol tatarı quyudan çıqar» [59, 415].

Hər iki fakt göstərir ki, Azərbaycanda yaşayan oğuz türklərini Çingizxan və Batıxan nəslinin nümayəndələri tatarlarla səhv salırdılar. Bu, əslində qonşu bütpərəst tayfaların oğuzların döyüş ruhunu görüb həsəd aparmasından doğmuşdur. Tarixin əvvəlki mərhələlərində Avropanın ətəklərinə qədər böyük əraziləri iki əsr əsarətdə saxlayan, el arasında zalım, qəddar işğalçı kimi tanınan tatarlarla oğuzları «eyniləşdirməkdə» məqsəd türkü gözdən salmaq idi.

Azərbaycanda «Yerlə Göyün bəhsi», «Aranla Dağın bəhsi», «Aranla yaylağın bəhsi» və s. ritual nəğmərində təbiətin özünə və hadisələrinə canlı varlıq kimi müraciət edilir, Yer, Göy, Günəş, Dan üzü, Yel baba, Gilavar, Bulud, Aran, Dağ, Yaylaq və Duman kimi obrazların fəaliyyət dairəsindən fraqmentlər verilir. «Gün çıx, çıx...» çağırışında Günəş kəhər atın üstündə təsvir edilir. O, kainatın yaradıcısı və idarəedicisidir. Övladlarının, nəvə və nəticələrinin sayı-hesabı yoxdur. Duman, bulud onun oğlanları, od-alov, şüa isə qızlarıdır. Günəşin keçəl qızı - Bulud xəbisliyin və paxıllığın daşıyıcısıdır - istini adamlara qıymır, Günəşin nurunun qarşısını kəsir. Günəş ata uzaq səfərə çıxan kimi torpağın ixtiyarını qəddar köməkçilərinə - şaxtaya, qara verir. Adamlar onun əməllərindən təngə gəlib Ulu Günəşi çağırırlar:

Gün, çıx, çıx, çıx,
Kəhər atı min çıx...
Sonra başlarına gələnləri danışırlar:
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.

Bulud köməkçiləri ilə adamları o qədər qorxutmuşdu ki, onlar dünyanın sahibkarı Günəşin yanında belə «Keçəl qızla» üz-üzə gəlməkdən çəkinirlər, ona görə də yalvarırlar ki:

Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx.

Günəş saçlı qızının haqqında xoş sözlər eşidib sevinir, ona şüalarından qırmızı don biçir və həmişə öz yanında gəzdirir, buludu aparıb uca dağlara atır. Saçlı qız uzun hörüklərini qarın gözünə batırır, onu əridib suya döndərir.

Günəş dumanı qovub «qayadan asdırır», buduna damğa vurdurur:
Duman qaç, qaç, qaç,

Pərdəni aç, aç, aç,
Səni qayadan asaram,
Buduna damğa basaram [19, 23]

B. e. ə. II yüzilliyin ortalarında Manixey mənbələrində türk dilində «Tang tengri» adlı nəğmə yazıya alınmışdır. V.Osmanlı türk alimi R.R.Aqatın «Əski türk şeri» kitabına istinadən yazır ki, «Tan Tanrı seher Tanrısıdır. O, geldiğinde insanlar onu öven sözlerle karşılıyorlar» [345, 71] İki min ildən çox yaşı olan şerdə Günəş və Ay tanrılarına müraciət olunur. Qəribədir ki, Azərbaycan türklərinin XIX yüzilliyin ikinci yarısında yazıya alınan «Gün çıx…» nəğməsi ruhən «Tang tenri» ilə səsləşir.

MANİXEY MƏNBƏLƏRİNDƏKİ «TANG TENGRİ» NƏĞMƏSİNİN ORİJİNAL MƏTNİ:

Tang tengri keldi,
Tang tenri özi keldi.
Tang tengri keldi,
Tang tenri özi keldi.

Turunglar, kamag begler, kardaşlar,
Tang tengrig ögelim.
Körugme, Kün tengrisiz
Bizmi küzeding!
Körünügme Ay tengri
Siz bizni kurtgarıng!

Tang tengri,
Yıdlıg yıparlıg.
Yaruklug yaşuklug,
Tang tengri
Tang tengri [347, 140].

AZƏRBAYCAN TÜRKCƏSİNDƏ SƏSLƏNMƏSİ:

Dan tanrı gəldi,
Dan tanrı özü gəldi.
Dan tanrı gəldi,
Dan tanrı özü gəldi.

Qalxınız, bütün bəylər, qardaşlar,
Dan tanrını tərifləyək.
Görünün, Gün tanrı,
Siz bizi qoruyun!
Görünün, Ay tanrı,
Siz bizi qurtarın!

Dan tanrı,
Gözəl müşk ətirli,
Parıltılı, işıltılı,
Dan tanrı,
Dan tanrı!..

Herodot daha əvvəlki əsrlərdə Qafqazda yaşayan prototürk tayfalarının Günəş Ataya tapındığını göstərirdi. Mifik inama görə, qış, duman, bulud Günəşin naxələf övladlarıdır, onlar öz valideynlərinin üzünə ağ olurlar. Ellin və roma mifoloji sistemlərində daha kəskin şəkilli ata-oğul qarşıdurmasına (yunanlarda Kron - Zevs, romalılarda Saturn - -Yupiter) rast gəlirik. Kainatın yaradıcısı kimi təsvir edilən Allahlar - Kron (xronos - yunanca zaman deməkdir) və Saturn öz övladlarına qarşı çıxır, onların bəzilərini hətta yeyirlər. Kron ilk vaxtlar əkin allahı hesab edilirdi. Bizcə, ilkin təsəvvürdə «övladın ata, yaxud ana tərəfindən yeyilməsi» - əkinçilikdə toxumun torpağa basdırılmasının (torpaq öz körpələrini - toxumları diri-diri udsa da, qısa vaxt ərzində daha gözəl övladlar dünyaya gətirir) mifik anlamından başqa bir şey deyildir. Həmin motiv sinifli cəmiyyətin meydana gəlməsindən sonra ictimai məzmun kəsb etmiş və köhnəliklə yeniliyin, mühafizəkar nəsillə mütərəqqi ideyalar təmsilçilərinin toqquşmasına çevrilmişdir. İran mifologiyasında Rüstəmin oğlu Söhrabla qarşılaşıb döyüşməsi və onu xəyanətlə öldürməsi buna misal ola bilər. Azərbaycan mifoloji sistemində ata-oğul qarşıdurması (Dirsə xan - Buğac, Qazan xan - Uruz) faciəli sonluqla tamamlanmır, tamamilə başqa məzmun kəsb edir. Oğul atanın yerini tutmağa layiq olduğunu nümayiş etdirib nəslin davamlılığını qoruyub yaşadan vasitəyə çevrilir.

Dünya xalqlarının mifologiyasında günəşlə bağlı təsəvvürlərdə onun atlarla idarə olunan təkərli arabada kainatın dörd tərəfini gəzib-dolaşmasından, hər şeyə can verməsindən danışılır. Təkərin və arabanın kəşfinin mifik zamana deyil, inkişafın yüksək pilləsinə aid olmasına əsaslanaraq bu cür miflərin qədimliyini şübhə altına alırlar. Lakin bu qənaətə qarşı daha maraqlı fərziyə irəli sürənlər tapılır. Günəşin özünün dairə şəklində görünməsi və təsviri təkər mifopoetik obrazının çox qədim zamanlarda meydana gəlməsi fikrinə dəstək kimi səslənir. Hind miflərində Şimşək allahı İndra döyüşdə Suryaya (Günəşə) qalib gəlir və Günəş tanrısının arabasının təkərlərindən birini ələ keçirir. İlk təkər Günəşə məxsus idi. Maraqlıdır ki, Azərbaycan mifik görüşlərində Günəş kainatı arabada deyil, kəhər atda gəzir («Kəhər atı min çıx...»). V.V.İvanovun yazdığına görə, «bu cür mifik obrazlar arxaiklik baxımdan daha qədim tarixlə (minik vasitəsi kimi arabanın kəşfindən çox-çox əvvəlki zamanlarla) qeyd olunur» [250, 462]. Ümumtürk mifik görüşlərinə görə, təkərin, arabanın kəşfi Oğuzun göy döüşçülərinin birinin adı ilə bağlıdır.


Miflər
folklor
May 19, 2008 16:05
Baxış sayı: 78

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com