Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 38
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 258
  • Ümumi hit: 15601

Müxtəlif

Aşıq sənəti və təsəvvüf

Aşıq sənəti və təsəvvüf (aşığı meydana gətirən tarixi şərait və amillər)


Müəllif: Ramazan Qafarlı

SUFİZM NƏDİR? Azərbaycan ədəbiyyatı, incəsənəti, fəlsəfəsi və mədəniyyəti tarixinin aktual problemlərindən biri, bəlkə də birincisi İslama sığınan Şərq xalqlarının uzun əsrlər boyu mə‘nəvi aləminin özülündə, mayasında durmuş sufizmdir. Obyektiv və subyektiv səbəblərdən bu məsələ bizdə araşdırılmadığı, ya da ümumi şəkildə toxunulduğu, bə‘zi əlamətləri barədə dərsliklərdə dini mahiyyətli, gərəksiz, əhəmiyyətsiz hərakat, dünyagörüşü kimi danışılıdığı vaxtlarda müsəlman olmayan ölkələrdə təsəvvüfə, tə‘limlərinə, təcürbəsinə böyük maraq göstərilmiş, dünyanın Göte, Bayron kimi sənət korifeylərinin bədii yaradıcılığının əsas ideya istiqamətini müəyyənləşdirən amil, məFəniyyət modellərini, ədəbiyyatın poetik sistemlərini və üslubi füqurlarını formalaşdıran vasitə sayılmışdır. Sufi sənətkarlardan – Həllac Mənsur, Qəzəli, İbn-Arabi, Sənai, Xaqani, Nizami, Sührəverdi, Nasafi, Şəbüstəri, Hafiz, Xəyyam, Dəhləvi, Rumi, Fərabi, Əttar, Nəimi, Nəsimi və Füzulidən yaşamağın, insanlarla davranmağın, varlığı dərk etməyin, sevməyin, həyat bağışlayana vurğunluğun, həyatda öz yerini və amalını tapmaq uğrunda mübarizə aparmağın yollarını öyrənmişlər.

İyirminci yüzillikdə Məhəmməd peyğəmbərin nəslindən olan son sufi şeyxi İnayət şahın (1924-1996) dünya monarxlarının məsləhətçisi rolunda çıxışı, radiofizik, filosof, nəzəriyyəçi alim kimi fəaliyyəti, onun yüzə yaxın elmi monoqrafiyasının on iki dildə işıq üzü görməsi göstərir ki, sufizm hələ öz əlini yer üzündən götürüb tarixləşməmişdir, həm siyasət aləmində, həm də mədəniyyət sferasında nüfuzunu qoruyub saxlamaqla yeni zirvələr fəth etməkdədir.

Mövlanə Cəlaləddin Ruminin müəllimi əfqanıstanlı ustad Sənainin təxminən min il əvvəl insan, cəmiyyət, tale yolu, dünya haqqında söylədikləri bu gün aktual səslənmirmi? Alaha bütün varlığı ilə, qəlbən bağlanan sufi alimin aşılamaq istədikləri kor-koranə nə dinə, nə də yaradıcıya inama çağırışdır. O, insana yaşadığı dünyada öz yerini tutmağın yollarını göstərir. Aşağıdakı fikirlərdə xurafatla hər hansı bir əlaqə tapmaq çətindir.

Bəşəriyyət gərəksiz işlərlə məşğul olanda yatır, o, bu dünyada yaşamır. Əsil İnam odur ki, insanlara bundan yaxa qurtarmağın yollarını göstərsin. Bunu bacarmayanlar din deyil, ancaq vərdiş və adətlər yığınıdır. Bu cür «din» ağılsız və gütdür.
Düz yolla addımlayan insanların qarşısında boş-boş danışmağa son qoyun. Hər kəs getdiyi yolu özü keçməyə çalışsın. (Yə‘ni heç kimdən kömək ummasın).
Əgər gerçəklik qarşısında başınız yerdə, ayaqlarınız göydə durmusunuzsa, biliyiniz təhrif, dininiz pozğunluqdur.
İnsan özü özünü zəncirlə buxova salır. Düz yolda olan isə şirə dönüb qəfəsini par-parça edir.

Sufizm həqiqət yolçusunun qayda, davranış və itaətkarlığı haqqında dini-fəlsəfi tə‘lim kimi düzlüyü, doğruluğu arayıb haqqa çatmaq uğrunda mübarizənin mərhələlərini göstərməklə yanaşı mahiyyət e‘tibarı ilə bir də o tarixi vəzifəni yerinə yetirmişdir ki, islamın mədəniyyət institutları – incəsənəti, me‘marlığı, musiqisi, ədəbiyyatı durmadan inkişaf etdirilsil. Bir cəhət maraqlıdır ki, dərin elmi əsaslar, bilgilər üstündəqurulan sufizm tə‘limi İslamaqədərki Şərq və Qərb mədəniyyətinin nailiyyətlərini, Şumer, Midiya, Misir, hind, çin, antik yunan, roma elmi, nəzəri, ədəbi yazılı abidələrini köklü şəkildə mənimsəyərək İslamda irəli sürülən yeni ideyaların şərhinə tətbiq etmişdilər. Sufilərin bə‘zi rituallarına, nəticələrinə, ümumiyyətlə, hərəkatın özünə qeyri-adilik, paranormallıq kimi baxılmasının əksinə olaraq, əksər sufi nəzəriyyəçiləri fikirlərini dünyəvi amillərlə anlatmağa üstünlük vermişlər.

İslam fəlsəfi, etik və estetik problemləri formalaşdıranda sufizmdə inkişaf edib geniş kütlələr tərəfindən təsdiqlənən ən‘ənələrinin tə‘sirində çıxa bilmirdi. Dini təcrübədə fərdiləşdirilmiş e‘tiqadın əhəmiyyətini əsas götürüb sufizmdəki şəxsiyyətin əxlaqi kamilləşmə yolları ilə razılaşır, müsəlman inancının genişlənməsi vasitələrindən biri kimi din daxilində inkişafına münbit şərait yaradırdılar. İslam ölkələrində sufi şeyxləri məhz bu səbəbdən hökmdarların, xəlifələrin məsləhətçisi, xeyir-dua verəninə çevrilirdilər. Ən ümdə əhəmiyyəti isə ondan ibarətdir ki, dinin özündən fərqli olaraq, Allahın ad daşıyıcılarının sufizmdə təkcə Həqiqət, Doğruluqla deyil, həm də Gözəlliklə bağlanması mədəniyyət növlərinin içərisinə axmaqla, təsviri incəsənətin, me‘marlığın, musiqinin və ədəbiyyatın sür‘ətlə inkişafını tə‘min edirdi.

İkinci minilliyin başlanğıcından başlayaraq İslam təkcə dini inanc olaraq allaha, peyğəmbərə ibadət kimi deyil, həm də insanların həyat tərzini müəyyənləşdirən, ailə, məişət münasibətlərini şərtləndirən əxlaq normaları tək götürülür, hətta əmək prosesinin nəticələri, mariflənmə, elm, bilik əldə etmə də ondan kənarda təsəvvürə gətirilmirdi. Ona görə də bütün sosial institutlar İslam bayrağı altında meydana gəlir, fəaliyyət göstərir və inkişaf etdirilirdi. Şərq ölkələrində sufi görüşləri çərçivəsində cəmiyyətlərin, daha doğrusu, qardaşlıq təşkilatlarının (bə‘ziləri strukturunu və spesikliyini bizim günlərədək qoruyub saxlamışdır) yaranmasınını səbəbləri İslamın nüfuzunun artması və xalq arasında artan narazılıqların qarşısını almaq üçün nicat yolunun axtarılması idi. Və bu hal İslamın sosial mahiyyətini üzə çıxarırdı.

Sufi qardaşlıqlarının özünəməxsusluğu, bir-birindən fərqli cəhətləri o amillər üzərinə düşürdü ki, nəticədə əsas ideya – «vəhdət – əl vücud» ətrafında, bir nöqtədə birləşməyə maneçilik yaranırdı. Onların ritual formaları ayrı idi, bu və başqa fəlsəfi konsersiyanın ardınca getməkdə, hansı musiqi, rəqs, ədəbi-poetik üslublara üstünlük verməkdə, hansı vasitələrlə ekstaz halına gəlməkdə, ya da bütün xüsusiyyətlərdən imtina etməkdə müstəqil idilər. Bütün bunlar və digər ideoloji və təcrübi proseslərlə bağlı aravrlarında yaranan ayrılıqlar nəticədə həmin qardaşlıq təşkilatının spesifik yolunu – tariki təşkil edirdi. Təşkilatlardaxili ölçü – nizam – qayda şəklində müxtəlif adətlər, mərasimlər və tə‘limlər meydana gəldiyindən getdikcə sufizm vahid, bütöv ideya olmaq imkanını itirir, birinin digərini inkar etməsi qarşıdurmalarla nəticələnirdi. Və tezliklə sufizmin geniş dairəsi içərisində çoxsaylı sərbəst və rəngbərəng dairələr yarandı, əsas məqsədə münasibət məsələsində də qarşı-qarşıya duran ideyalar ortaya atıldı. Eləcə də hərəkətliliklə və tərki-dünyalıqla, asketizmlə (zuhd) tarixi əlaqəsi sufizmin çərçivəsini həddindən artıq genişləndirmiş, içərisində müxtəlifləşmənin toxumu səpilmişdi. Tədqiqatçılar bu qənaətdədirlər ki, məhz bu amil də bir yandan təsəvvüf tə‘liminin bütövlüyünü əlindən alırdı. Ona görə də o əlamətlərə ümumilik kimi baxıb yüksək qiymət verirdilər ki, ayrı-ayrı qardaşlıq birlikləri vasitəsi ilə hamı ilahi həqiqət axtarışına çıxdığını bildirirdi və gedilən yolu müxtəlif axara aparmaqla, məqsədə çatmağı yaxınlaşdırıb-uzaqlaşdırmaqla, daxili razılaşmamalarla hakim dinin şaxələnməsinin tarixi qanunauyğunu təsdiqləyirdilər. Lakin ziddiyyətlərə baxmayaraq sufizm konkretliyi, çeşidliyi, çoxnövlüyü ilə yarandığı çağdan islam dünyasına əsaslı şəkildə daxil olub mə‘nəvi, sosial və mədəni həyatın bütün sahələrinə güclə tə‘sir göstərmişdir.

İlk dəfə İBN ‘ARABİ «Vəhdət-əl-vücud» - «varlığın birliyi» deməkdir – ideyasını ortaya atmışdır.

Əndəlüslu sufi filosofu İBN TÜFEYLİN (1185-ci ildə ölmüşdür) məşhur «Hayy ibn Yəkzan haqqında hekayət»inin qəhrəmanı insan ayağı dəyməyən bir adaya düşür, cəmiyyətdən uzaqlaşır. O, öz ağlının gücü ilə tanrının varlığın dərk etmək arzusuyla yaşayır, təriqət yoluyla – tariklə (tarik – «yol» deməkdir) addımlayır, bir dayanacaqdan (məqamdan – bir mərhələdən digərinə qədər olan zaman, məkan və anlam birliyindən) o birinə keçir, mistik (sufiyanə) aydınlaşdırmaya çatır və tauhidi (özünün Tanrı ilə birliyini) anlayır. Əsal adlı dindar bir zahid həmin adaya gəlir və Hayy ibn Yəkzana islam tə‘limini öyrədir. Bu zaman «müsəlman Robinzonu» iki şey təəccübləndirir.

Birinci, nə səbəbə Allah elçisi çox hallarda ilahi aləmin təsvirində pritçalardan (ibrətli hekayələrdən) istifadə edir? Niyə aydın şəkildə açıqlamır ki, insanlar Allaha cismani xüsusiyyətlər verməklə böyük günaha batırlar və Həqiqətin mahiyyəti haqqında çox belə yanlış inanclar uydururlar? Soruşurlar ki, nə üçün Yaradıcı heç bir işə müdaxilə etmir və hər şeyi azad buraxır? Niyə günaha batanları yerindəcə cəzalandırmır və layiq olmayanları mükafatlandırır?

İkinci, nə üçün ehkam və tapşırıqlarının ötürülüb yayılmasını dini mərasimlərlə məhdudlaşdırır? Niyə insanlara mal-dövlətlə varlanmağa və istədiyini yeməyə razılıq verir? Onlar da boş, mə‘eız işlərə (varlanmağa, yemək-içmək əldə etməyə) baş qoşmaqla Həqiqətdən üz döndərirlər*.

* İbn Tufeyl. Povest o Xayye ibn Yakzane. İ.B. Kuzminayın rusca tərcüməsi - M., 1978, s. 128-129.

Yalnız insanlar arasına gəlib təmasda olandan sonra onların möhkəmliyini və ağılsızlığını görür, başa düşür ki, bu sadəlövh və gələcəyini düşünməyən varlıqlar üçün başqa xilas yolu yoxdur*.

* Yenə orada, s. 133.

Beləliklə, İbn Tüfeyl ibrətli hekayələrlə müsəlmən qanununu eyni hüquqlu təfsir edir və nabələd, dünyadan xəbərsiz dindarların ilahi Həqiqətə ekzoterik (dərk edilmədən) uyğunlaşdırılmasıdır. Çünki onlar təbiətən ezoterikdirlər (sirli, gizlin, anlamayan). İlahi həqiqətin dərki ancaq kamilləşmiş sufi üçün əl çatandır.
Müqəddəs mətnlərə bu cür münasibət digər sufilərin də əsərlərində rast gəlmək mümkündür.

İslam ölkələri əhalisinin sosial-tarixi və həyat təcürbəsi göstərir ki, onlar eyni zamanda müxtəlif dini görüşlərlə üz-üzə durublar. Atəşpərəstlik, iudeyalılıq, xristianlıq. Bə‘zilər yaxın keçmişdə şamanlıq, totemizm və bütpərəstlik mərhələlərində idi. Ona görə də sufilər həmişə belə bir suala cavab verməyə çalışırdılar: yad dinlərin düzgünlüyündən, yoxsa yalançılığından danışsınlar? Məsələyə sufizmin prizmasından baxanda qiymət, ölçü kriteriyası kimi Allahın necə dərki əsas götürüülür. Ona görə də monoteist dinlərə barışıq mövqeyindən yanaşırlar. Lakin həmin çağlarda dindarlığa, dini təbliğata, ibadətlərə, mərasimlərə qarşı e‘tiraz səsini ucaldanlar da tapılırdı. Burada allahsızlıqdan, ateizmdən söhbət getmir (təəssüflər olsun ki, bir vaxtlar az qala Həllac Mənsuru və Nəsimini də ateist e‘lan etmişdilər), müxtəlif səpgili dini tə‘limlərin ideoloji, sosioloji və elmi-nəzəri baxımdan yetkinləşməməsindən, hazırlıqsızlığından, dünyanı axıradək dərk etmə imkanından məhrumluğundan, cəmiyyətin problemlərinə güzgü tutmağa tam qadir olmamasından bütün dinlər inkar edilirdi. Allaha vurğunluq isə ibadətlə, dua oxumaqla deyil, insani keyfiyyətləri yüksək səviyyədə nümayiş etdirilməsi ilə yerinə yetirilirdi. Bu, əslində sufizmin radikal qanadının həyata baxışı, yüksək rütbəli din xadimlərinin riyakarlığına qarşı üsyanı idi. Xətib Təbrizinin müəllimi, böyük ərəb şairi Əbül-üla əl-Mə‘ərri (973-1057) dörd yaşından dünya işığına həsrət qalıb əzab-əziyyət çəksə də, həqiqət axtarırdı:

Xristian kilsə zənginə zərbə endirir,
müəzzin isə minarətdən oxuyur.
Hərəsi bir yolla öz dinini yetirir.
Eh, bir biləydim, onlardan hansı haqlıdır?

Əl-Mə‘əri əmin idi ki, insanları düşündürüb narahat edən suallara mövcud dini tə‘limlərin heç biri cavab vermir.

Azərbaycan klassik ədəbiyyatını və folklorun ən böyük qolu - aşıq yaradıcılığını təsəvvüfü öyrənmədən başa düşmək çətindir. Təəssüflər olsun ki, son dövrlərədək ədəbiyyat tariximiz birtərəfli araşdırıldığından XI-XVIII əsrlərin yazılı və şifahi poeziyasının mayasında duran sufizmə ancaq İslam prizmasından yanaşılmış, ali məktəb dərsliklərindəki ötəri mə’lumatla kifayətlənilmişdir. Xaqani və Nizamidən başlamış Füzuliyə, Qovsi Təbriziyə qədər bütün şairlərin, Qurbanidən, Miskin Abdaldan üzü bəri Aşıq Ələsgər və Molla Cumayadək haqq aşıqlarının ədəbi irsi təsəvvüfə söykənir. Sufizmin rəmzlərinə, təriqətlərinə, tə’lim və nəzəriyyələrinə əsaslı şəkildə üz tutulmayınca həmin çağların poetik fikirlərinin müəmmalı qalacağı şübhəsizdir.

Yurdumuzda din möhürü vurulub qıfıllı sandıqlarda saxlanıldığı vaxtlarda mədəni Avropada təsəvvüfün möcüzələrinə heyranlıqla yanaşır, təbliğ edir, gizli sirrlərinin açarını arayıb ali təhsil ocaqlarında böyük maraq və həvəslə tələbələrə öyrədirdilər. Korolina Nort Universitetinin professoru Annemari Şimmel ensiklopedik tədqiqat əsərində (Schimmel Annemarie. Mystical Dimensions of Islam. - The University of North Carolina Press, 1975) sufizmin XI yüzillikdən XX yüzilliyə qədər keçdiyi uzun yola nəzər salır, təsəvvüfü Şərq ədəbiyyatının özülü, dünyanı dərkin açarı, eləcə də öz nurunu Qərb ədəbi fikrinə də ötürən qeyri-adi düşüncə tərzi sayır. Beləliklə, aşıq dastanlarındakı buta məsələsini, ilahi eşqi, haqq aşıqlığını, dastanlarımızdakın kişi gözəliyini, ərlərin üzlərinə niqab çəkməsini (“Dədə Qorqud”), bir-birinə qarşı qeyri-adi dostluğunu, sevgisini, ərənliyi təsəvvüfsüz dərk etmək mümkün deyil. Şəms Təbrizi ilə Mövlanə Cəlaləddin Rumi arasındakı “eşqin” sirrindən, Bəktaşiyyə təriqətinin özünəməxsus rituallarından, işığı allahın nuru, insan üzünü bu nurun bir zərrəsi sayan İşraqiyyəçilikdən, qızılgül-bülbül bağlılığının təsəvvüfdə rəmzləşməsindən kənarda aşığı, dastanları tədqiq etmək ən azı dənizin havasını uzaqdan hiss edib orada çimdiyini danışmaq kimi bir şeydir.

M.Qasımlı, F.Bayat kimi cavan alimlərin əsərlərini nəzərə almasaq, ədəbiyyatşünaslığımızdakı bu boşluğu aşığı tədqiq edən, uzun illər böyük təcrübə qazanmış çoxsaylı tədqiqatçılar nəinki doldurmamış, buna heç təşəbbüs də etməmişlər. Düzdü, birisi sinəsini qabağa verib “Din, təriqət, aşıq” adlı kitab çap etdirmişdi. Orada nədən desən bəhs açılırdı, hətta xristianlıqdakı sektantlardan da, amma aşığı meydana gətirən Bəktaşiliyin adı çəkilmirdi. Bu boşluğu doldurmaq tələbini irəli sürənlərə isə vedrələr bağlayıb, qulplar qoyub az qala cəhənnəmin dibinə göndərmişdilər.

Qurbani, Miskin Abdal, Aşıq Abbas, Xəstə Qasımın,.. Molla Cumaya qədər bu sənəti göylərə yüksəldən bütün qüdrətli sənətkarların ruhunu şad etmək naminə cəhənnəmin oduna dözüb bə’zi məsələlərə aydınlıq gətirmək istəyirik. Məqsədimiz aşığı bətnində yetişdirib ərsəyə gətirən, türk məkanında ona ozandan sonra sənət statusu verən tarixi şəraiti göstərməkdir. İş elə ağır, məşəqqətli, məs’uliyyətlidir ki, onun altına girən əzilib canını tapşıra bilər. Yolumuz başqa idi. Məcbur etdilər ki, o yoldan dönək, kor ata minib kol-kosda çapanları düz cığıra qaytaraq. Bunun öhdəsindən ancaq allahın köməyi ilə gəlmək olar.


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:02
Baxış sayı: 78

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com