Göyçəli (Ağkilsəli) Aşıq Ələsgər" adlanan olay Azərbaycan mədəniyyəti tarixində tayı-bərabəri olmayanlardan biri, bəlkə də ən dəyərlisidir. Və bəlkə də bu olayı ancaq "Üzeyir Hacıbəyov" olayı ilə tutuşdurmaq olar və ancaq bu dəmdə yerinə düşərdi. Mənim olay sözünü, - anlamını işlətməkdə məqsədim onunla bağlıdır ki, Aşıq Ələsgər təkcə Böyük Şəxsiyyət yaxud Böyük Ğstad kimi dəyərləndirilə bilməz, bu yanlış olardı. Aşıq Ələsgər olayını dünyanın ən böyük və sayımlı, yüzillik ənənələri olan və özündə özümlü, çoxşaxəli sənət növləri və yönlərini - tədris fakultələri və elmi araşdırma mərkəzlərini, Konservatoriya və musiqi kollecini, teatr tədrisi və teatrın özünü birləşdirən, öz özəl rabitə sistemi-qurumları olan Ğniversitetlə tutuşdurmaq və ancaq bu sonucda dəyərləndirmək olar. Başqa yolu yoxdur!
Aşıq Ələsgər sənəti BÜTÖV MƏNƏVİYYATDIR və bu bütövlük, bu mənəviyyat minilliklərin süzgəcindən keçən və bu uzun yol boyu bircə ləkə belə götürməmiş Azərbaycan mənəviyyatının göz bəbəyi kimi qorunan güzgüsü və əksidir. Və qan yaddaşıdır. Lap minilliklər öncə də, bizim günlərdə də Azərbaycanlının ən önəmli cizgiləri, ən yüksək, ən qanadlı arzu və istəkləri Böyük Ğstadın bizlərə yadigar qoyub getdiyi saxlanc və yatırlarda öz əksini tapıb.
Sual oluna bilər; "saxlanclar, yatırlar" dedikdə nələri nəzərdə tutmalı, bunları necə yozmalıyıq?
Bəri başdan vurğulamalıyıq ki, Aşıq Ələsgərin şəxsiyyəti və şer-dastan yaradıcılığı, az-çox, araşdırılıb. Kifayət qədər yüksək, yəni semiotik səviyyədə olmasa da. Başqa ustadların yaradıcılığı ilə bağlı tutuşdurduqda da. 1999-cu ildə Azərbaycan Dövlət nəşriyyatı tərəfindən buraxılan İslam Ələsgərin "Haqq Aşığı Ələsgər" kitabının "Ədəbiyyat" bölməsində, - 248-262-ci səhifələrdə verilən biblioqrafik bilginin tutumu, sanbalı sevindirməyə bilməz. Lakin Böyük Ğstadın ancaq son dövrdə bizə açıqlanan tam külliyyatı və onun misilsiz dəyəri baxımından həmin biblioqrafik bilginin cılızlığı göz qabağındadır. Aşıq Ələsgəri dəyərləndirən təkcə onunla bağlı araşdırmalar deyil, həm də aşıq şeri ənənələrini yaşadanların yaradıcılığıdır. Və mən, yuxarıda verilən Alçalı Aşıq Məhərrəmin divanısının II bəndindən, daha doğrusu, "Heç dünyada ustad olmaz Aşıq Ələsgər kimi" (doğrudan da, belədir! - müəllif) misrasından sonra, Şair Hacı Zəki İslamın "Ələsgər" şerini bütövlükdə oxucunun nəzərinə çatdırıram 28:
Azəri yurdunda, Göyçə elində
Göz açdı dünyaya gəldi Ələsgər.
Göyçə gözəlləşdi, Göycə tanındı,
Obadı, Mahaldı, Eldi Ələsgər.
Alimdi, ustaddı, böyük müəllimdi,
Mükəmməl dilçidi, ana dilimdi.
Düşünən beynimdi, yazan əlimdi.
Sənətdə zirvədi, zildi Ələsgər.
Dedi: "dərs almışam Şahlar Şahından,
Peyğəmbər kamallı Qibləgahımdan".
Dahi Fizulinin xoş sabahından
Hər yerdə gövhərdi, ləldi Ələsgər.
Təcnis, dodaqdəyməz, müxəmməs şirin,
Qıfılbənd tarixçi, kamalı dərin.
Gözəllər gözündə, pünhan sirrlərin
Dərdini aşkara bildi Ələsgər.
Savadsız deməkdə günahdı, vallah,
Ona qüdrətindən dərs verib Allah!
Zəki İslam qəbul eylər, inşallah,
Zərgərə zər verən əldi Ələsgər!
Mən bu gözəl şerə bircə onu artırardım ki, "zərgərə zər verən" "Ələsgər əli" dedikdə, Ələsgər məktəbi, - daha doğrusu alilərdən də Ali Ələsgər universiteti nəzərdə tutulmalıdır. Məhz həmin Ali Ələsgər məktəbinin sayəsində xalqımız üçün ləl-cavahiratdan daha önəmli dastan, hekayət, şer və qaravəlli yatırları, büllur kimi saf havacat saxlancı, toy ənənələri və sair və i. a., astanasında durduğumuz III minilliyədək öz yaşamını, - yaxşı, yaxud pis də olsa, - yaşayıb və yəqin ki, yaşayacaqdır. Bütün bunlar Ələsgər öncəgörməsinin sonucudur.
Bu gün bizlər dahi Üzeyirin xalqımız üçün gördüyü böyük işləri, onun sayəsində istedadlı, gələcəkli gəncdən böyük ustad səviyyəsinədək yüksələn Qara Qarayev, Fikrət Əmirov və daha yüzlərlə bəstəkar, ifaçı, nəzəriyyəçi, dirijor və musiqi müəllimlərini sadaladıqca heyrətlənirik.
Lakin unutmamalıyıq ki, milli özünüanlama və milli fədakarlıq tariximizdə, millətin gələcəyini düşünmə tarixində ilk özəl və bəlkə də ən çətin addımı məhz Aşıq Ələsgər atmışdır. Birincilik isə nə qədər şərəfli olsa da, ən çətinidir.
Aşıq Ələsgərin saz-söz və yaşam məktəbi haqqında yazmağın özü mənim anlamımda ucsuz-bucaqsız məsuliyyət yüküdür. Araşdırıcının qarşısında duran çətinliklərdən ən birincisi, arxiv materiallarının azlığı-yoxluğu ilə yanaşı, indiyədək, özü də filoloq və ədəbiyyatçı-jurnalistlər tərəfindən yazılıb bol-bol çap olunanların, - kitab və məqalələrdəki bilgilərin qarışıqlığı və qeyri-dəqiqliyidir. Deyilənlərə tutalğac kimi yuxarıda vurğulanan Ağ Aşığın soykökü məsələsini göstərə bilərəm. İkinci ən böyük çətinlik işin mənəvi məsuliyyət tərəfidir. Bir sənətşünas kimi tam yəqinliklə deyə bilərəm ki, Aşıq Ələsgər məktəbi mahiyyətinin tam, bütövlükdə açımı təkcə milli filologiya və musiqişünaslıq deyil, fəlsəfə, psixologiya və pedaqogika çevrələrində, - ümumiyyətlə, milli mədəniyyətşünaslıqda nəzərə çarpan irəliləyişlərə gətirib çıxara bilər. Lakin bunun böyük zaman kəsiminə və ən özüllü, məqsədyönlü, - jurnalist deyil, əsl araşdırıcı araşdırmalarına böyük ehtiyacı var.
Əgər Aşıq Ələsgərin şagirdləri haqqında indiyədək yazılanları və sayımlı şəxslərin dediklərini əsas götürsək, bir ustad ömrü, - hətta 105 yaşlı sənət azmanı üçün də tamamilə fantastik rəqəm alınar, bəlkə də 100-ü keçər... Əlbəttə, özünü yaxud öz ustadlarını, hətta ulularını Böyük Ğstada bağlamaq istəyi ancaq Müqəddəs Sənət və Mənəviyyat Ocağına - Pirə tapınmaq istəyi kimi yozula bilər. Lakin Bu Ocağın istisinə qızınmaq istəyənlərin saysızlığında biz yalnız sənət pərvanələrindən söhbət açacağıq.
Deyirlər ki, ustad oğlunun şagirdliyə ehtiyacı yoxdur. Doğrudan da, Aşıq Ələsgər ocağının Azərbaycan mədəniyyəti tarixi və yaşamı üçün indiyədək misli görünməmiş sayda şəxsiyyətlər yetişdirdiyi danılmazdır. Və əgər həmin yetirmələrlə Böyük Ğstada şəxsən "qulluq etmiş" ustadları bir yerə toplasaq, ancaq milli bəstəkarlıq məktəbinin Qara Qarayev qolu ilə qarşılaşdırıla biləcək cizgi-mənzərə alınar (söykök cizgisi 3-ə bax).
İndi isə cizgidə göstərilən sənətkarlar haqqında əldə olunan bilgilərə keçək, - o bilgilərə ki, onların aşkarlanmasında hazırda dünyalarını dəyişmiş Zərzibilli Aşıq Əli və Şair İsmixanın (hər ikisi Növrəs İmanın bacısı oğlanlarıdır və Allah onlara min rəhmət eləsin!) və, ən nəhayət, Aşıq Talıb Ələsgəroğlunun böyük oğlu İslam Ələsgərin, eləcə də adı çəkilən Aşıq Əlinin qardaşı Səfiyarın və dostu Zərzibilli Həbib Səmədin (Allah hər birinə 100 il yaşam versin!) əvəzsiz köməkləri olub.
1. Hüseynquluağalı Aşıq İsa Aşıq Ələsgərin doğma bacısı oğluymuş. Ğstada ölənədək qulluq edib, lakin az yaşayıb. 1917-ci ildə 35-ə yaxın yaşında dünyasını dəyişib. Deyilənlərə görə, çox güclü sənətkarıymış.
2. Qızılvəngli yaxud Alçalı Aşıq Yusif Böyük Ustadın ilk şagirdlərindən biri olub. 1915-ci ildə 60-a yaxın, yaxud bir neçə il artıq yaşında dünyasını dəyişib. Aşıq Ələsgərin hekayətlərində onun adına rast gəlirik. Məsələn, Şəmkirli Aşıq Hüseynlə bağlı hekayətdə kəndin koxası təyin olunmuş Aşıq Ələsgər Yusufu çağırıb deyir ki, "ay oğul, gəl bu Söyün əmini bir az elatda gəzdir! "Deyilənə görə, Böyük Ğstadın yaşı o zaman 70-i haqlamışdı. "Həcər xanımla deyişmə"də Aşıq Yusufun adına rast gəlirik 29.
3. Torpaqqalalı (Dərəçiçəkli) Aşıq Alı vaxtı ilə çox tanınmış, adlı-sanlı Aşıq Sadığın (Sultanov, 1893-1965) doğmaca dayısı və ustadı olub. Aşıq Alının Faxralı Şair Nəbi, Aşıq Ağacan, Aşıq Məşədi Hüseyn, gənc Aşıq Sadıq və qardaşı Aşıq Məhəmməd, cavan Quşçulu Aşıq İrvahamla (Hüseyn Saraclının gələcək ustadı) və bir sıra Borçalı saz-söz sənətkarları 30 ilə 1926-cı ildə çəkilən fotoşəkli var. Həmin fotoşəkildə Aşıq Alıya 70-ə yaxın yaş vermək olar. Xatırlamalıyıq ki, Dərəçiçəyin bir çox kəndləri kimi Torpaqqala da 1905-ci ildə ermənilər tərəfindən dağıdılıb, camaatının çoxu isə Borçalıya köçməli olub.
4. Böyük Məzrəli Aşıq Qiyas çox gözəl və şıdırğı saz çalmağı ilə bütün Göyçə aşıqlarından seçilərmiş. İnəkdağlı Aşıq Nurəddinin (1918-1996) söylədiklərinə görə, onu 10 yaşında kənddə toy məclisində görüb və yaşı 50-yə yaxın olarmış. İslam Ələsgərin dediyinə görə isə, 1930-cu illərin axırı Aşıq Qiyası onlara qonaq gələn görüb və bu zaman yaşı 60-ı keçibmiş. Və, ən nəhayət, Zərzibilli Aşıq Əlinin söyləməsinə görə, onu 1948-ci ildə Bala Məzrəli Aşıq Hüseynlə toy məclisi keçirən görüb və onun fikirincə, Aşıq Qiyas 1955 yaxud 56-da öz doğma kəndlərində dünyadan köçüb.
5. Kəsəmənli Aşıq Nağı, Zərzibilli Aşıq Əlidən alınan bilgiyə görə, 1963-cü ildə Gəncədə dünyasını dəyişib. İnəkdağlı Aşıq Nurəddin söyləyərdi ki, çox yetkin, bütöv ustad idi, Gəncənin Bağbanlar qəsəbəsində el ağsaqqalı kimi tanınardı, çox qocalmışdı və yaşı 90-ı keçmişdi.
Kəsəmənli Hacı ilə bağlı maraqlı bir söhbət var. Deyilənə görə, Böyük Ğstadla Kəlbəcərdən qayıdarkən bir qaya parçası uçub yolu kəsibmiş. Aşıq Ələsgər bulaq başında dəstəmaz alıb namaz qılır, sonra isə "Ya Əli!" sözləri ilə Koroğlu tək nərə çəkərək qayanı yerindən oynadıb uçuruma salır. Daha sonra Nağıya Qurana and içdirir ki, ustadı dünyadan köçənədək gördüklərini heç kəsə deməyəcək. Nağı da şərt qoyur ki, "ustad silləsi" yesə, dilindən söz çıxmaz". Aşıq Ələsgər kəndə qayıdanda hamının gözü qarşısında şagirdinə "yağlı" bir sillə çəkir. Amma buna baxmayaraq, Kəsəmənli Aşıq Nağının "əli ustadın ətəyində imiş" və heç zaman onun sözünü iki eləməzmiş.
Sarıyaqublu Aşıq Məmmədəli - (6) və Sarıyaqublu Aşıq Paşa - (7) haqqında bilgilər, demək olar ki, azdan da azdır. Adları ara-sıra çəkilsə də, Ələsgər ocağından bircə onu öyrəndim ki, Böyük Ğstadın ilk şagirdləri imişlər. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayı ilə bağlı hər bir ustad haqqında buraxılan ayrıca bilgilərdən birindən, - Bala Məzrəli Aşıq Qara (Mövlayev) haqqında bilgidən aydın olur ki, həmin aşıq 1918-1925-ci illərdə Sarıyaqublu Aşıq Məmmədəliyə şagirdlik edib. Zərzibilli Aşıq Əli isə Aşıq Məhəmmədəlinin öncədən hansısa ustada qulluq edib, ancaq sonra Aşıq Ələsgərin yanında yetkinləşdiyini vurğulayırdı. Hər halda, dünyasını dəyişməsi, çox guman, 1925-ə düşür.
O ki, qaldı Aşıq Paşaya, İnəkdağlı Aşıq Nurəddin onu 1930-cu illərdə görüb və çox bəyənibmiş. Deyirdi ki, II dünya savaşına getdi və qayıtmadı.
(ardı var)
BİBLİOQRAFİYA VƏ AÇIQLAMA
21. "Ustad aşıqlar", s. 58
22. Vaxtı ilə Qərbi Azərbaycanda geniş yayılmış "Duraxanı" saz havasını onun adı ilə bağlayırlar.
23. a) H. Arif. "Aşıq Alını axtarıram". "Elm və həyat" jurnalı. Bakı, 1968, ¹2, s 12.
b) H. Arif. "Aşıq Alı". "Azərbaycan" jurnalı. Bakı, 1969, ¹9, s. 199-203.
24. a) "Aşıq Alı". Şerlər. Bakı, Yazıçı, 1982.
b) "Sazlı-sözlü Göyçə". "Bakı, Azərnəşr, 1999, s. 16-27.
25. a) Aşıq Alının soydaşları, Məşədi Salehin tayfasından olan Qaytaran İsmayıl oğlu və Mikayıl Əli oğlun (Orucov)-dan alınan bilgiyə görə, bu soykök cizgisi Kosa Məmmədin nəticəsi Nəcəf Kərbəlayi Əsgər oğlunun arxivi əsasında quraşdırılıb. Nəcəf Kərbəlayi Əsgər oğlu olduqca savadlı olub, riyaziyyat və astronomiyanı çox gözəl bilirmiş. Aşıq Alının külliyyatının ilk toplayıcısı o olub. Onun davamçısı, qardaşı oğlu Qaytaran saz-söz sənətinin gözəl bilicisidir. Bu fikri ilk dəfə mənə söyləyən Növrəs İman bacısı oğlu, "İman Əlisi" adı ilə tanınmış əvəzsiz ustad Aşıq Əli (İmanquliyev, 1926-1990) olmuşdur (Allah ona min rəhmət eləsin!)
b) Aşıq Alının atası-Mirzə, anası - Zeynəb, həyat yoldaşı - Bəsti imiş. Qayınatası Niftalı və qayınanası - Gözəl Qızılvəngdən 5 km aralı Çamırlı kəndindən imişlər.
26. "Sazlı-sözlü Göyçə". Bakı, Azərnəşr, 1999, s. 56. Şəxsən mənə bu divanı və başqa bilgiləri 1987-ci ildə Göyçənin Cil kəndində Abbas Vəfadağlı (Əli oğlu Mazanov) verib.
27. "Sazlı-sözlü Göyçə", s. 143-146.
28. Şer 1999-cu ildə Aşıq Ələsgərin 175 illiyinə yazılıb və ilk dəfə çap olunur.
29. "Aşıq Ələsgər". 2-ci kitab. Bakı, "Elm", 1972, s. 152-190, 259-273.
30. Tinatin İsabalı qızı. "Borçalı aşıq mühiti" Bakı, Elm, 1999, s. 159-167.
Göyçə aşıq mühiti
folklor
Noyabr 7, 2008 20:57
Baxış sayı: 29